"Uzun müddətdir cəmiyyətdə pensiya yaşının aşağı endirilməsi ilə bağlı müzakirələr gedir. Sözsüz ki, bu müzakirələrin əsası vardır, belə ki, biz beynəlxalq təcrübəyə müraciət etsək, pensiya yaşı əsasən orta ölüm yaşı ilə əlaqələndirilir. Son bir neçə ildə bizdə orta ölüm yaşı aşağı enməkdədir. Hazırda orta ölüm yaşı 73 yaş, yəni qadınlarda 75 yaş, kişilərdə isə 71 yaş həddinə çatıb".
Bu fikirləri Faktmedia.az-a iqtisadçı Eyyub Kərimli deyib.
"Bu baxımdan əgər bizdə vətəndaş pensiyaya çıxdıqdan sonra 144 ay, yəni 12 il pensiya ala biləcəyi halda, belə çıxır ki, yalnız 6-7 il pensiya ala bilir. Sözsüz ki bu da istər qadınlar, istərsə də kişilər üçün pensiya yaşının aşağı endirilməsi məsələsini daha da aktuallaşdırır. Milli Məclisin iqtisadiyyat komissiyasının rəhbəri Tahir Mirkişili də dünən bu haqda öz fikirlərini söylədi. Lakin bununla bağlı həm iqtisadi əsas yaradılmalı, həm də geniş pensiya islahatları həyata keçirilməlidir. Cünki, yaş həddinin aşağı endirilməsi təqaüdçülərin sayının artmasına da təsir göstərəcək, dövlətin sosial xərcləri də artacaqdır. Hesab edirəm ki, bu sahədə dövlət müəyyən islahatlar həyata keçirməli, iqtisadi bazanı genişləndirməlidir. Eyni zamanda, əmək müqavilələrinin daha da şəffaflaşdırılması, sosial ödəmələrin artırılması, özəl pensiya fondlarının fəaliyyətinin tənzimələnməsi, inkişafı üçün müvafiq hüquqi baza yaradılmalıdır. Mən hesab edirəm ki, bu hal məşğulluq bazarına da müəyyən müsbət təsir göstərəcək, belə ki, həm gənclər üçün yeni iş yerləri açılacaq, həm də daha erkən təqaüdə çıxan insanlar əlavə olaraq özlərinə iş yerləri tapa bilər, istirahətlərinə vaxt ayıra bilərlər. Həmçinin, bu məsələ pensiyaların artırılmasını da aktual edir. Bəzən bizdə pensiya məbləğinin az olduğundan insanlar gec pensiyaya çıxmaq, daha çox işləmək istəyirlər. Çünki, pensiyanın məbləği onların tələbatlarını ödəmir. Mən hesab edirəm ki, bu baxımdan pensiya yaşının aşağı salınması ilə bağlı islahat həyata keçirilsə insanlar üçün də, ölkənin sosial siyasəti üçün də çox müsbət bir addım olar", - iqtisadçı bildirib.
Rəna Həsənova