"Əmanətlərin sığortalanması üçün hər kəsin bankda 100 min manatadək əmanəti varsa o, sığortalıdır, bu şərtlə ki, milli valyutada əmanətlərin faiz dərəcəsi 12 faizi, xarici valyutada isə 2.5 faizi ötmür. Əmanətçilərin əmanətləri sığortalanıbsa, bu əmanətçilər heç nə itirmir".
Bunu Faktmedia.az-a bank məsələləri üzrə ekspet, hüquqşünas Əkrəm Həsənov bağlanan bankların müştəriləri üçün hansısa problem yarada biləcəyi məsələsinə münasibət bildirərkən deyib.
Ekspert əlavə edib ki, maksimum 6 ay ərzində Əmanətlərin Sığortalanması Fondu onların əmanətini kompensasiya edəcək:
"İtirən isə, şirkətlər və sahibkarlardır. Fərdi sahibkarların da 20000 manatadək əmanətləri sığortalıdır, qalan pulları isə sığortalı deyil. Şirkətlərin isə, ümumiyyətlə pulları sığortalı deyil. Mövcud qanun görə Əmanətlərin Sığortalanması Fondu ilk növbədə sığortalanmış əmanətləri qaytarmalıdır, sonra həmin bankın daşınar və daşınmaz əmlakını, verdiyi kreditləri qaytarmalıdır. O pul hesabına birinci əmanətçilərin kompensasiyasına ödədiyi öz pulunu götürməlidir, sonra isə digər əmanətçilərin pulunu qaytarmalıdır. Amma, reallıqda biz digər bağlanan bankların aaibətini görmüşük. Digərlərinə, xüsusən də, şirkətlərə, sahibkarlara ya ümumiyyətlə heç nə qaytarılmır, ya da çox cüzi, gülməli bir məbləğ qaytarılır. Bu da ona görə baş verir ki, Əmanətlərin Sığortalanması Fondu ən qeyri-şəffaf, qanunsuz fəaliyyət göstərən qurumlardan biridir. Ləğv olunan bankların olan-qalan əmlakının da başına o daş salır. Ona görə də sonda digər müştərilərə ya az məbləğ, ya da ümumiyyətlə heç nə çatmır. Bu da Azərbaycanda çox təhlükəli bir tendensiya yaradır ki, faktiki olaraq sahibkarları, şirkətləri məcbur edirlər onlar iri bankların müştərisi olsun, kiçik və orta banklardan üz döndərsinlər. Bu da Azərbaycanda inhisarçılığa aparır. Onsuz da inhisarçılıq var və daha da güclənir".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) “Günay Bank” ASC-nin lisenziyasını ləğv edib. AMB-dən verilən məlumata görə, buna səbəb Bankın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3%-dən az olması, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsidir.
Rəna Həsənova