Son bir-iki ildə, əsasən də pandemiyanın ən şiddətli dövründə bəzi həkimlər törətdikləri əmələ görə həbs ediliblər. Hətta oğurluq üstündə də həbs edilən baş həkimlər var.
Faktmedia.az son dövrlərdə həbs edilən həkimləri təqdim edir:
Eşqin Əliyev - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eşqin Əliyev saxlanılıb. Eşqin Əliyev son iki ildə Masallı xəstəxanasının baş həkimi vəzifəsindən kənarlaşdırılan sayca 3-cü şəxsdir. Belə ki, 2021-ci ilin yanvar ayında xəstəxananın əvvəlki baş həkimi Cəlil Nəzərov 675 min manat mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, bu ilin 15 noyabr tarixində səhhəti ilə əlaqədar azadlığa buraxılıb.
Cəlil Nəzərovdan sonra baş həkim təyin edilən Rasim Əzizov da qalmaqallı şəkildə işdən çıxarılıb. Belə ki, keçən ilin payızında Rasim Əzizovun marketlərdən birində oğurluq etməsini iddia edən görüntülər sosial şəbəkələrdə və mediada sürətlə yayılıb. Bundan sonra xəstəxananın baş həkimi – 2021-ci ilin noyabrında işdən çıxarılıb. Bu vəzifəyə isə gənc kadr Eşqin Əliyev təyin edilib. Təyinatdan 1 il sonra, yəni bu ilin dekabrında isə E.Əliyev korrupsiya əməllərində şübhəli bilinərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.
Fotoda Cəlil Nəzərov saxlanılarkən
Rasim Əzizovun marketdən oğurluq etməsi iddiası ilə yayılan videodan görüntüsü
Baş həkim Eşqin Əliyev
İmran Ağayev - koronavirus xəstələrinin FHN hospitalının “VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub.
Xatırladaq ki, İ. Ağayev cəza müddətinin üçdə ikisini çəkdiyi üçün şərti olaraq vaxtından əvvəl azad edilib.
Pərviz Abbasov - rüşvət ittihamı ilə həbs edilən “Yeni Klinika”nın direktoru Pərviz Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il 6 ay azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs edilən daha 3 nəfər COVID-19 xəstəliyindən əziyyət çəkən şəxslərin “Yeni Klinika”ya yerləşdirilməsi müqabilində onların yaxınlarından pul almaqda ittiham olunublar. Pərviz Abbasov yaxın günlərdə azadlığa çıxacağı idda edilir
Havar Şəfiyeva