"Fazil Mustafaya qarşı törədilən terror aktı qəti şəkildə pislənməlidir. Lakin, hadisə niyə baş verib, motivi nədir, bu barədə söz demək, fikir irəli sürmək olduqca tezdir".
Bu fikirləri Faktmedia.az-a Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
Partiya sədri bildirib ki, hüquq-mühafizə orqanları ilkin rəy bildiməlidirlər:
"Hadisənin terror, daxili yaxud xarici terror, şəxsi zəmində yaxud ictimai-siyasi fəaliyyətlə bağlı olması haqqında məlumat hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu məsələdir. Hər hansı bir fikir irəli sürmək bizim hüququmuzdur. Amma, mən belə cinayət hadisəsinə fərdi qaydada münasibət bildirib və şəxsi mülahizələrimdən qiymət vermək niyyətindən uzağam. Hesab edirəm ki, hüquq-mühafizə orqanlarının verdiyi rəydən sonra dəqiq analizlər aparmaq, niyə və nədən baş verməsinin motivini tam şəkildə aydınlaşdırmaq mümkün olacaq. Hələlik isə, Fazil Qəzənfəroğluna şəfa diləyirəm. Hüquq-mühafizə orqanlarından isə, bu cinayət hadisəsinin iştirakçısı və ya iştirakçılarının dərhal həbs edilməsini, cinayətin motivinin aydınlaşmasını tələb edirəm".
Deputat Elnur Allahverdiyev bildirib ki, bu dövlətimizin işidir və dövlət də öz vətəndaşına, millət vəkilinə qarşı törədilmiş bu terror aktının, cinayətin üstünü açacqadır. Şübhəsiz ki, bizim inkişafımız, müstəqil siyasətimiz, dövlətimizin inamla qarşısına qoyduğu hədəfləri reallaşdırması, torpaqlarımızın bütövlüyünün təmin edilməsi bəzi qüvvələrin ürəyincə deyil:
"Həmkarımıza qarşı törədilən bu cinayət aktı terror əməlidir. Dövlətimiz bununla bağlı artıq rəsmi bəyanat verib. Əmin ola bilərik ki, hüquq-mühafizə orqanlarının peşəkar mütəxəssisləri tezliklə bu cinayətin üstünü açacaqlar. Mən düşünürəm ki, bu olduqca ciddi cinayətdir, terrordur və bununla bağlı ehtimallara qeyri-müəyyən, qeyri-professional açıqlamalarla çıxış etmək xalqımızın və dövlətimizin mənafelərinə ziddir, maraqlarımıza uyğun deyil. Onlar bizə bu şərəfli tarixi yolumuzda maneələr yaratmağa çalışıblar, çalışırlar və çalışacaqlar. Biz güclüyük, iradəliyik, çünki birik! Bütün təhlükələrin qarşısında xalqımızın birliyi var. Vətən müharibəsində necə birləşmişiksə, sonrakı dövrdə də ümummilli problemlər qarşısında məqsəd və məramlar istiqamətində də birlik göstərib, bir olacağıq. Bizi təhdid etməyə çalışan qüvvələr uduzublar. Ona görə də belə iyrənc yollara əl atırlar. Dövlətçiliyimizin təməli möhkəmdir. Onların bütün cəhdləri heç olacaq. Son 30 ildə təhlükələri dəf etdiyimiz kimi, qarşımıza çıxan istənilən çətinliklərin də öhdəsindən gələcəyik. Azərbaycan xalqına qarşı təxribatların keçirilməsi vaxtları çox geridə qalıb. Azərbaycan hər zaman bir olacaq!".
Deputat Elman Nəsirov isə hesab edir ki, eyni zamanda, DTX-nin yaydığı bəyanatda artıq məlum hadisə terror aktı kimi qiymətləndirilmiş və cinayət məcəlləsinin 277 və 228-ci maddələri üzrə cinayət işi açılıb:
"Millət vəkili Fazil Mustafaya qarşı törədilmiş mütəşəkkil cinayət əməli öz mahiyyəti etibarilə terror aktıdır. Onun konkret təşkilatçısı, təşkilatçıları, icraçısı var. İndi heç şübhəsiz sual yaranır ki, bu kimə lazımdır, niyə məhz indi, niyə məhz millət vəkili?. Əvvəla, terror aktı kimi qiymətləndirildisə, ilk növbədə onun siyasi motivli olması məsələsi gündəmə gəlir, siyasi motiv önə keçir. Dövlət xadimi, ictimai xadimi qətlə yetirmək dövlətə, dövlətçiliyə qarşı təhdiddir və arxasında uzağa gedən niyyətlər dayanır. Təbii ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, cəmiyyətə vahimə hissi aşılamaq əsas hədəflərdən biridir. Hələ konkret cinayətkarlar üzə çıxarılmayıb. Bunun tezliklə baş verəcəyinə inanırıq. Azərbaycan hüquq-mühafizə orqanlarının, Dövlət Təhlükəsizlik Xidmətinin potensialına, gücünə, bacarığına söykənərək mən bu fikirləri söyləyirəm".
Rəna Həsənova