Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrindən 141 müəllim təkrar sertifikatlaşdırma imtahanından müvafiq keçid balını toplaya bilməyib. Bu baxımdan onların əmək müqaviləsinə "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq 4 sentyabr 2023-cü il tarixində xitam verilib.
Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təkrar sertifikatlaşdırma prosesinin nəticəsinə əsasən, əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə BŞTİ-də komissiya yaradılıb. Komissiya 5 sentyabr 2023-cü il tarixində fəaliyyətə başlayıb və bu müddət ərzində təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə görüş təşkil olunub, onların ailə tərkibi və sosial vəziyyəti barədə məlumatlar araşdırılıb.
Hazırkı dövrə kimi həmin şəxslərdən sosial baxımdan həssas qrupa aid 50 nəfər təhsil müəssisələrində digər vəzifələrdə işlə təmin edilib.
Bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərin sənəd qəbulu noyabrın 15-dən dekabrın 15-dək həyata keçiriləcək.
Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədlərlə BŞTİ-yə müraciət edə bilərlər.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Əlavə sualı olan vətəndaşlar BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər.