Bildiyimiz kimi, uzun illərdir universitetlərdə Baloniya sistemi tətbiq olunub. İmtahanların keçirilməsi, eləcə də universitetlərdə digər təhsilə bağlı olan işlərdə şəffaflaşma aparılıb. Amma buna baxmayaraq rüşvətlə bağlı bəzi universitetlərin adları hələ də "məşhur"dur.
Faktmedia.az ali təhsil ocaqlarında rüşvət alınmasına səbəb olan rektor və müəllimləri araşdırıb:
Rüşvətlə bağlı söz-söhbətlər Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun adıyla başlayıb. Vaxtı ilə rektor bir tələbədən 40 min manat almaqda ittiham olunub. Belə ki, Şəmkirin prokuroru oğlunun işini asanlaşdırmaq üçün belə bir cəhd edib. Təbii ki, ilkin olaraq öz məmur əlaqələri hesabına buna səy göstərib. Alınmadığı təqdirdə Bakıya təşrif buyurub cənab rektora belə bir təklif edir. Həmin dövrdə bu məlumat mətbuata sızıb və geniş ajiotaj yaradıb.
Rüşvətlə bağlı daha bir hal Bakı Dövlət Universiteti Sədaqət Əhmədovanın əliylə başlayıb. Xatırladaq ki, ötən illərdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılmışdı. Belə ki, müəllim tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsəcəyini deyirdi. İmtahandan kəsilən zaman tələbələrə vəd isə üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar deyilirdi. Lakin səs yazısından sonra Sədaqət müəllimə işdən çıxarılır.
Azərbaycan Texniki Universitetinin rektoru olmuş Akif Süleymanov da korrupsiyaya bulaşmış təhsil adamı olub. Rektor olduğu müddətdə xəstəlik bəhanəsi ilə müvəqqəti işindən uzaqlaşır. Bu vəzifəyə təhsil nazirinin müvafiq əmri ilə nazirliyin sektor müdiri Y.Ömərov universitetə elmi işlər üzrə prorektor və eyni zamanda 3 ay müddətinə rektor əvəzi təyin edilir. Elə rüşvətxorluqlar da də bundan sonra başlayır. Belə ki, bundan bir həftə sonra ağır xəstə olan A.Süleymanov qəfil “sağalır” və Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək, işə qayıtmasını xahiş edir. Nəticədə universitetdə bir-neçə günlüyə ikihakimiyyətlik yaranır. A.Süleymanov rektor olduğu müddətdə işlədiyi “Kompyuter mühəndisliyi və telekommunikasiya” kafedrasında müəllim kimi bir saat belə dərs deməyib. Amma adı çəkilən kafedrada 8 ildir ona qanunsuz olaraq əmək haqqı yazılıb. Universitetə gələn yoxlama üzvləri də qeyd olunanların doğru olduğunun şahidi olublar. Ayda özünə 10 min manat maaş yazdıran rektor A. Süleymanovun gözü doymadığından, iddialara görə, rüşvət almaqla da ciddi məşğul olub.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov rektor olduğu dövrdə bir gün Gəncəyə icra başçısı olmaq həvəsinə düşür. Həmin il məzun olan hər bir tələbədən 500-600 manat dövlət imtahanına pul yığılıb. Çox maraqlısı da o olub ki, bütün günü korpuslarda gəzən, iş otağına belə getməyə vaxt tapmayan İ.Cəfərov həmin ərəfədə qeybə çəkilib. Dövlət imtahanına yığılan pulla bağlı müraciət edənlərə isə rektorun gah Bakıda, gah da xaricdə olduğunu bəhanə edib, hər tələbədən ən azı 500 manat alır. Sonra isə rektor özü kimi rüşvətxor və tədrisin nə olduğunu belə bilməyən, öz ciblərini doldurmaq üçün vəzifəyə pul verərək gələn dekanlar və şöbə müdürlərini vəzifəyə gətirir. Dekanlar içində ən rüşvətxoru isə rəhbəri İ.Cəfərov kimi, pulu hər şeydən üstün tutan və işlədiyi universitetdə işçiləri ilə sevgi macərası yaşayan Famil Nəsibov olub.
Təkcə imtahan deyil, kurs işlərindən, diplom müdafiəsi və rüblük hesabatlardan da pul alıb.
Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva da adını rüşvət qalmaqalına yazıdran rektorlardan olub. Belə ki, BSU-nun əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva işlədiyi dövrdə külli miqdarda dələduzluq, rüşvət verməyə təhrik etmə və rüşvət almada ittiham olunur. Dürdanə Əliyeva qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyir.
Lənkəran Dövlət Universitetinin "Şöhrət" ordenli keçmiş rektoru Asəf İsgəndərov da rüşvət alıb, təhsil müəsissəsini korrupsiyaya bulaşdıran təhsil adamı olub. Onun sayəsində heç bir tələbə imtahandan öz biliyi hesabına keçə bilməyib. Cənab rektor bu işi prorektor təyin etdiyi, "sağ əli" Qorxmaz Ağayevin ilə edib. Bildirək ki, Qorxmaz Ağayev rüşvət alarkən DTX əməkdaşları tərəfindən tutularaq həbs edilib. Onun DTX qarşısında rüşvəti udması videosu hələ də bu gün sosial şəbəkələrdə yayımlanır.
Havar Şəfiyeva