“El arasında belə bir düşüncə vardı ki, prostat vəzi xəstəlikləri 50 yaşda başlayır, 55 yaşdan sonra özünü büruzə verir. Amma, onu demək istəyirəm ki, hal- hazırda prostat vəzi xəstəlikləri də gəncləşməyə doğru gedir”.
Bu sözləri Faktmedia.az-a danışan həkim uroloq- androloq Araz İbrahimov deyib.
O bildirib ki, 30-35-40 yaşında pasientlərdə də bir sıra ciddi prostat xəstəliklərinə rast gəlinir:
“Daha gənc xəstələrdə bu özünü iltihabi- yəni prostatitlər, xroniki və kəskin formada olmaqla və yaxud da onun absesi- kalsinatlaşması formasında özünü göstərir. Yaşlı pasientlərimiz isə daha çox prostat vəzinin adenomaları - yəni böyümələri, bunlar da özünü xoşxassəli və bədxassəli formada büruzə verir. Bizim üçün önəmli odur ki, hər bir 50 yaşına çatmış kişi total parsial analizi verərək prostat vəzini nəzarətdə saxlamalıdır. Bizim prostat vəzini müalicə növlərimiz isə, tamamilə xəstəyə verilən şikayətlərə bağlıdır, yəni o bizim əmək fəaliyyətimizə necə təsir edirsə, biz ona uyğun müalicəsini təşkil edirik”.
Həkim prostat vəzinin müayinə və müalicəsinin vaxtı- vaxtında edilmədikdə nə baş verəcəyini də deyib:
“Yaşlanan kişidə sidiyə çıxmaqda problemlər yaranmağa başlamışdırsa, ilk öncə prostat vəzinin düyünlənməsi, prostat vəzinin adenomalarının düyünlənməsi şəklində forma göz önünə gəlir. İlk öncə biz sidiyimizi tam boşalda bilmirik - yəni sidik kisəsində qalıq sidik qalmağa başlayır, bu isə öz növbəsində özünü bir sıra yanaşı ağırlaşmalarla büruzə verir. Misal olaraq onu deyə bilərəm ki, ilk öncə bu sidik yolu infeksiyası - yəni ləngiyən qalıq sidik özü özündə çöküntü verir, mikrobların yaşaması üçün münbit bir şərait yaranır. Mikroblardan savayı sidik kisəsi müəyyən müddətdən sonra güclənməyə başlayır və onda divertikullar- yəni yırtılmalar başlayır ki, bu da özünü son nəticədə sidik kisəsinin funksiyasını tamamilə itirməsinə gətirib çıxara bilir. Bundan savayı, çöküntü vermiş sidik sidik kisədə daşların yaranmasına birbaşa təsir göstərir”.
O vurğulayıb ki, yaşlı kişilərdə sidik kisəsi daşlarının yaranmasının ən çox səbəbi prostat vəzinin böyüməsidir:
“Artıq burada biz həm də qanamaları söyləyə bilərik. Həm böyrək daşı olan xəstələrdə, həm də böyrək daşı olmayan xəstələrdə sidik yollarında qanamalar yaşlı xəstələrimizdə prostat vəzi adenomaları ilə birbaşa bağlı olur. Gecikmiş mərhələlərdə isə, böyrəklərimizdə bilateral nefroz, yəni genişlənmə böyrək çatışmazlığına qədər gətirib çıxara bilir”.
Məsləhətimiz ondan ibarətdir ki, əgər prostat vəzinin yaşlanmasının gec olmasını istəyiriksə, biz həyat fəaliyyətimizə diqqət göstərməliyik. Aktiv yürüş - yəni gəzmək və cinsi fəaliyyətin ritmik qaydada olması önəmlidir. Bundan savayı, əgər siz özünüzdə prostat vəzi ilə bağlı şikayətlər hiss edirsinizsə, bu həm sizin cinsi fəaliyyətinizə, həm də sosial fəaliyyətinizə təsir göstərirsə, tez-tez sidiyə çıxırsız, sidiyə çıxanda gücənirsiz, gecələr artıq yuxunuz pozulub, 3- 4 dəfə sidiyə qalxırsınız, o zaman həkim- uroloqa müraciət etməlisiniz. Bu da hal- hazırda icbari tibbi sığorta çərçivəsində tam olaraq qarşılanır. Gəlib müayinə və müalicə oluna, sağlamlığınızın keşiyində dura bilərsiniz.
Rəna Həsənova