"Ermənilərin məhz Naxçıvan istiqamətində, özü də xüsusilə Sədərək ərazisi istiqamətində təxribatları təbii olaraq səbəbsiz deyil. Rusiya “sülhməramlı” kontingentinin nəzarəti altında olan ərazilərdə separatçıların təxribatları onlar üçün ağır itkilərlə nəticələnir. Eyni şəkildə Ermənistan ərazisindən Qarabağ istiqamətində olan təxribatlar zamanı da düşmən itkilər vermək məcburiyyətində qalır".
Bunu Faktmedia.az-a politoloq Yusif Bağırzadə deyib.
Politoloq əlavə edib:
"Naxçıvan isə indiyə qədər, yəni daha dəqiqi Sədərək döyüşləri və 2018-ci ilin mayındakı Günnüt əməliyyatından sonra aktiv döyüşlərin getmədiyi bölgədir. Məlumdur ki, son Günnüt əməliyyatı zamanı Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı düşməndən azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçdi. Həmin döyüşlərdə ümumi olaraq, 11,000 hektarlıq ərazi düşməndən azad olunmuşdu.
İndi ermənilərin məhz Naxçıvanı və konkret olaraq Sədərəyi hədəf alması isə Azərbaycan tərəfini Ermənistan ərazisində əməliyyatlar keçirməyə təhrik etmək məqsədi daşıyır. Bununla Ermənistan bütün dünyaya Azərbaycan tərəfindən hücuma məruz qalan yazıq Ermənistan obrazını sıramağa cəhd göstərir. İkincisi isə Ermənistanın Sədərəklə sərhəddə tikdiyi metallurgiya zavodu ilə bağlıdır. Məlumdur ki, həmin zavod ABŞ sərmayəsi ilə tikilir və ekoloji baxımdan böyük fəalkətlərə səbəb ola bilər. Bununla bağlı təkcə Azərbaycanın deyil, dünyanın əksər ekoloji təşkilatları bəyanatlarla çıxış edərək həyacan siqnalı çalırlar. Sədərək isə məhz həmin zavodun tikildiyi ərazidən atəşə tutulur. Yəni başqa sözlə desək Ermənistan tərəfi ABŞ-a onun sərmayəsi ilə tikilən zavodun Azərbaycan tərəfindən atəşə məruz qaldığını deyə bilmək və hay-küy salmaq üçün Azərbaycanı təxribata çəkərək həmin ərazidəki atəş nöqtələrini susdurmağa vadar etmək istəyir. Bir müddət əvvəl həmin zavodun tikildiyi ərazidə ABŞ bayrağının ucaldılması da bu oyunun tərkib hissəsidir. Mümkündür ki, ermənilər hətta biraz da uzağa gedərək müəyyən müddətdən sonra həmin tikintini partladaraq bunu da Azərbaycanın üstünə atsınlar. Yəni, qısası məqsəd Azərbaycanı təxribatlara çəkməkdən ibarətdir. Amma Ermənistan bir şeyi unudur ki, hansı ölkənin bayrağının arxasında gizlənməkdən asılı olmayaraq Azərbaycan öz ərazsinə qarşı təxribatlara həmişə layiqli cavab verib və bundan sonra da verəcək".
Rəna Həsənova