Bir müddət öncə Lənkəranda restavrasiya(əslində qalada müəyyən təmizlik və qoruma) işlərinə başlanan dairəvi qalada təmir işlərindən bəzi görüntülər sosial şəbəkələrdə paylaşılıb. Paylaşımda qalanın damının dəmir şiferlərlə işləndiyi görülür. Bu da insanlar arasında narazılığa səbəb olub.
Faktmedia.az məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərib. Qurumdan bildirilib ki, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb.
“Hazırda daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Həmçinin aparılacaq bərpa işlərinin başlanılmasına qədər tarixi tikilinin təbii təsirlərdən, yağıntılardan qorunması məqsədilə qalanın damı müvəqqəti örtüklə əvəz olunub”.
Rəna Həsənova