Son günlər Yardımlı rayonunda su problemi müzakirələrə səbəb olub. Kənd sakinlərinin su ilə bağlı üzləşdikləri çətinliklər sosial şəbəkələrdə əks olunub. Sakinlərin su problemi gündəmə gəldikdən sonra rayonun deputatı Musa Qasımlı Milli Məclisdə çıxış edib. O rayonda çatışmazlıqları, eləcə də su haqqında danışıb.
Musa Qasımlı:"Cənab prezident vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, yol çəkilməsi, qaz, su təchizatının yaradılması üçün vəsaitlər ayırır. Amma, bəzən yerlərdə çox uğursuz həyata keçirilir. Yardımlının suya ehtiyacı olan kəndlərinə bir neçə il əvvəl su çəkilirdi. Sineyir bulağı deyilən yerdən birbaşa su xətti çəkdilər. İndi iyun ayının sonundan oktyabra qədər suyun olmaması barədə kənd sakinləri müraciət edirlər. Mən onların müraciətini çatdırmağı zəruri hesab etdim. Əslində, bunun üçün vəsait ayrılır, çox asan da həlli yolu var idi, o vaxt da deyildi. Təbii sıldırım qayalıqlarda yerləşən iki kənd var, biri Dağ Üzü, biri Qaraqaya kəndi, orada bənd qurulsaydı, ola bilər bir çox vəsait sərf olunardı, amma, inanın Yardımlının kəndlərində su problemi qətiyyən olmazdı. Vətəndaşlar da tam şəkildə razı qalardılar. Bir neçə il əvvəl Cənab Prezidentin sərəncamı ilə Yardımlının Mirimli kəndində subartezian su quyusu qazıldı və bu günə qədər də başa çatdırılmayıb. Vətəndaşlar mənə müraciət edir ki, parlamentdə bu məsələni qaldırın, müvafiq qurumlar həll etsinlər. Axı Cənab Prezident vəsaiti ayırıb o vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün, deməli o məsələlər də qaydasında yerinə yetirilməlidir".
Qeyd edək ki, bu məsələdən "Azərsu"nun da xəbəri var. Qurum bu problemin həll olunacağını vəd edir.
Faktmedia.az Milli Məclisin 7 aprel tarixli iclasında Yardımlı rayonunun problemləri barədə deputatın çıxışını təqdim edir:
Rəna Həsənova