Son günlər ad günü məclislərindən birində deyilən meyxana sosial şəbəkələrdə müzakirə mövzusu olub.
“Qafqazinfo” xəbər verir ki, meyxanaçı Balaəli Maştağalının açdığı “Ortağımız Bəşirdir” adlı qafiyəni Rüfət Nasosnu davam etdirərək qeyri-etik sözlər işlədib.
Meyxana məclislərində qeyri-etik sözlərin işlədilməsi az qala, adi hala çevrilsə də, bu dəfə vəziyyət daha acınacaqlıdır. Məsələ burasındadır ki, həmin meyxanaya ön sıradan qulaq asıb əl çalanlar arasında azyaşlılar da var. Uşaqlar nəinki dinləmək, hətta əllərindəki telefonlarla gördüklərini yaddaşa da verirlər.
İzləyicilər meyxana ilə bağlı paylaşımlara “bu qafiyə meyxanaçının uçuruma getdiyinin sübutudur”, “məclisdə uşaqlar var, ayıbdır”, “bu nə səviyyəsizlikdir?!”, “meyxananı bu günə qoymayın” - kimi tənqidi rəylər bildiriblər. Onlar Rüfət Nasosnunun ixtisasca tarix müəllimi olduğunu, əvvəllər rayon məktəblərindən birində dərs dediyini xatırladaraq qınayıblar. Çünki Rüfət özü açıqlamalarından birində Lənkəran Dövlət Universitetinin Tarix fakültəsini bitirdiyini və 2 ay müəllim işlədiyini bildirib.
Eyni zamanda bu cür meyxanaların qarşısının alınması məqsədilə tədbirlər görülməsi, meyxanaçılara rəsmi xəbərdarlıq edilməsi təklif edilib.
Məsələn, narkotiki və cinayətkarlığı təbliğ edən meyxanaçılarla bağlı hüquqi tədbirlər görülməsi kimi bir təcrübə var. Buna misal olaraq bir neçə gün əvvəl həbs olunan meyxanaçı Mahir Qonşuyevin adını çəkmək olar. “Mahir Ay Brat” kimi tanınan meyxanaçı “Tiktok”da səhifə yaradaq gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşırdı. O, polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Saxlanılan zaman üzərindən külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib.
Qeyd edək ki, DİN bir neçə dəfə sosial şəbəkə istifaçilərinə, gənclərə, yeniyetmələrə, özündə cinayətkarlığı və zərərli vərdişləri ehtiva edən videolar, musiqilər, həmçinin digər bu tipli mövzularda olan məlumatları paylaşmamağı tövsiyə edib.
“Azyaşlı və yeniyetmələrin iştirak etdiyi məclislərdə bu cür meyxanalar deyilməsi ilə bağlı müvafiq tədbirlər görülə bilərmi?”- deyə DİN-ə də sorğu ünvanlamışıq.