Ermənistanda qadınların könüllü olaraq hərbi xidmət keçməsinə icazə verən qanun qəbul edilib.
Faktmedia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan Respublikasının “ Hərbi xidmət və əsgərin statusu haqqında” qanununa qadınların könüllü hərbi xidmət keçməsi ilə bağlı dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsi, səs çoxluğu ilə təsdiq edilib.
Ermənistanın müdafiə naziri Suren Papikyan açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib:
"Qadın vətəndaşlar üçün könüllü hərbi xidmət sistemi tətbiq edilib. 18-27 yaşlı Ermənistan Respublikasının vətəndaşları müraciət edə bilər. Onların hərbi xidmət müddəti 6 ay olacaq. Xidmətə qəbul edilən qadın əsgərlər püşkatma olmadan təlim bölməsinə təyin olunacaqlar və onlar hərbi xidmətə çağırılacaqlar. Bu məqsədlə hərbi xidmət keçən qadınların rəhbərlik edəcəyi xüsusi qadın batalyonunun yaradılması prosesi davam edir”.
Hərbi xidmətdə olmaq istəyən qadınlar çağırış müddətinə qədər göstərilən müddətlərdə ərizə ilə müraciət etdikdə növbəti müddətdə hərbi xidmətə çağırılacaqlar.
Qanuna görə, 6 aylıq hərbi xidmətini başa vurmuş qadınlara tərxis olunduqları zaman 1 milyon dram (62 min türk lirəsi), səhhətinə görə bu müddəti başa vura bilməyənlərə isə xidmət müddəti ilə mütənasib olaraq ödəniləcək.
Qanun Ermənistan prezidentinin imzasından sonra qüvvəyə minəcək.
Bəsti Məmməd