“Hökumətin son 6 ildə qarşısında dayanan ən böyük vəzifə qiymət və inflyasiya artımının qarşısını ala bilməməsidir. Obyektiv iqtisadi mərkəzlərin hesabatları göstərir ki, devalvasiyadan sonra əhalinin gündəlik istehlakında əsas yer tutan 20 adda məhsul-buğda unundan şəkər tozuna, düyüdən qara çaya qədər səbətin dəyəri 68 % artıb”.
Bu fikirləri deputat Zahid Oruc Milli Məclisin iclasında bildirib.
Deputat qeyd edib ki, elektrik enerjisi, təbii qaz və su-kanalizasiya üzrə əhalinin xərcləri orta hesabla 80 % artıb: “Beləliklə, son 6 ildə əhalinin yaşayışı 75 %-dən çox bahalaşsa da, orta maaşlar 65 %-ə yaxın artıb. Konkret əhali qrupları içərisində, məsələn, təhsil işçilərinin - 2015-ci ildən diaqnostik qiymətləndirmədən sonra ötən 6 ildə orta məktəb müəllimlərinin məvaciblərinin artımı 55 % təşkil etdiyi halda, real inflyasiya həmin rəqəmlərin sosial effektini xeyli zəiflədib”.
Zahid Oruc vurğulayıb ki, 28 may seçkilərində parlaq qələbə qazanan Rəcəb Tayyib Ərdoğan yeni hökumətə, həm də onun siyasəti ilə razılaşmayanları da daxil etdiyi təzə komandasına yüksək inflyasiyanın qarşısını almağı önə qoyub: “Hökumətin ikinci önəmli vəzifəsi Azərbaycan iqtisadiyyatının sektorlar baxımından ənənəvi strukturunu dəyişdirməsidir. Yenə də qərəzsiz iqtisadi təhillərə diqqət yetirsək, görərik ki, ölkəmizdə ÜDM-in 47 %-ni təmin edən neft sektorunda cəmi 39 min məşğul işçi, ÜDM-in 4,7 %-ni təmin edən kənd təsərrüfatında isə ümumi məşğul əhalinin 36 %-i, yəni 1 milyon 809 min işçi çalışır. Göründüyü kimi, ÜDM-ni əsas etibarilə bir sahə yaradır, məşğulluğu isə ən aşağı əmək məhsuldarlığına malik olan digər sahə. Kənd təsərrüfatı isə bütün dünyada olduğu kimi, ölkəmizdə də dövlət yardımı ilə ayaqda durur”. qafqazinfo