“Mətanət A” şirkəti işdən çıxardığı işçi ilə ədavət aparır və ona hüquqlarını pozur. Faktmedia.az-a müraciət edən Vüqar Məmmədov bildirir ki, “Mətanət A” şirkətində satış təmsişçisi vəzifəsində çalışıb və şirkət onu işdən azad edib.
Problem də buradan başlayıb. Belə ki, 2017-2020-ci illərdə əmək müqaviləsi əsasında “Mətanət A” şirkətində satış təmsişçisi vəzifəsindəçalışan Məmmədovun işlədiyi müddətdə maaşından hər ay 10% həddində depozit tutularaq saxlanılıb. Bildirilib ki, bu sizə şirkətlə əməkdaşlığınız bitəndə ödəniləcək. Lakin işdən çıxdığı zaman “Mətanət A” şirkəti həmin məbləği ona ödəməkdən imtina edib.
Səbəb kimi isə bildirilib ki, Vüqar Məmmədov işdən çıxdıqdan sonra başqa bir şirkətdə işə düzəlib və bunun işçi ilə imzalanan əmək müqaviləsinin tələblərinə zidd olduğu qeyd olunub.
Əmək müqaviləsində göstərilib ki, işçi işdən çıxdıqdan sonra 5 il müddətində rəqib şirkətlərlərlə əmək müqaviləsi bağlaya bilməz. Şirkət hesab edir ki, bu kommersiya sirrinin yayılmasıdır və buna görə keçmiş işçi cərimə ödəməlidir.
Şikayətçi Vüqar Məmmədov hüquqlarının pozulması səbəbindən Nərimanov Rayon Məhkəməsində “Mətanət A” şirkətinə qarşı iddia qaldırıb.
Bildirilir ki, “Mətanət A” şirkəti əmək müqaviləsi imzalandıqdan sonra bir nüsxəsini işçiyə təqdim etməyib və işçinin əmək müqaviləsində olan həmin maddədən xəbəri olmayıb.
Eyni zamanada qeyd olunur ki, əmək müqaviləsinə belə bir maddənin (İşdən çıxdıqdan sonra işçinin 5 il rəqib şirkətlərdə işləməsinə qadağa qoymaq) salınması Azərbaycan qanunvericiliyinin tələblərinə ziddir. Əmək Məcəlləsinin əmək müqaviləsindən bəhs edən müvafiq maddələrində (Maddə 7. və Maddə 8.) göstərilir ki, əmək müqaviləsinə işçinin hüquqlarını məhdudlaşdıracaq müddəalar salına bilməz. Əmək müqaviləsinı bu cür müddəaların salınmasının heç bir hüquqi əsası yoxdur. Üstəlik işçi əmək müqaviləsi qüvvədən düşdükdən sonra başqa bir şirkətdə işə düzəlib. Bildirilir ki, bu qeyri-qanuni yollarla vətəndaşın əmək hüquqlarına qadağa qoymaqdır.
Şikayətçi bildirir ki, işçilərdən hər ay 10% depozit tutulması qanunsuz olaraq həyata keçirilib və bu barədə əmək müqaviləsində heç bir qeyd yoxdur: “Əmək müqaviləsində göstərilib ki, işçi işdən çıxdıqdan sonra rəqib şirkətlərdə işə girdiyi zaman təzminat ödəməlidir. Əgər bunun bir hüquqi əsası varsa, o zaman niyə təzminatla bağlı məhkəməyə müraciət edilməyib. Bunun heç bir hüquqi əsasının olmadığnı bildikləri üçün təzminat iddiası qaldırmayıblar. İşçidən tutulan depozit pulunu verməmək üçün əmək müqaviləsinə qanunvericiliyə zidd olan belə bir müddəa salıblar”.
Məsələ ilə bağlı şirkətdən şikayətçinin iddialarına cavab ala bilmədik.
Sevinc Hüseynova