"Həmin günü çox yaxşı xatırlayıram. Asəf Zeynallı adına Musiqi Kollecində oxuyurdum. Kollecin binası hadisə baş verən bina ilə üzbəüz idi. Dərsə gecikmişdim. Sinifdə oturan vaxtı anidən bir partlayış kim səs eşidildi, düşündük hansısa binada təmir gedir və ya damı düşüb".
Bunu Faktmedia.az-a ADNA-da baş verən terror şahidi Vəfa Bağırzadə deyib.
O hadisəni belə xatırlayaraq davam edir:
"Öz dərsimizə davam edirdik. Birdən qrup yoldaşım bizi pəncərədən baxmağa səslədi. Bir tələbə yerə yıxılmışdı. O, qara dərili əcnəbi idi. Nə baş verdiyini anlaya bilmirdik. Ağlımıza gələn o oldu ki, iki tələbə arasında dava olub. Eyni anda yuxarıdakı pəncərədən tələbələr də təlaşla qaçırdığını gördük. Hətta bəzilərini özlərini pəncərədən atmaq istəyir, lakin qorxub geri çəkilirdilər. Üstündən yarım saat keçdikdən sonra polis maşınları, ambulans maşınlar yığıldı, içəridən yaralılar çıxarırdılar. Bu çox dəhşətli bir mənzərə idi, hər yer qan, cansız bədənlər idi. Sonra müəllim gəlib bizi başa saldı və nəzarət altına evə buraxıldıq. Günahsız insanlara qarşı nəyə görə bunu etdiyini başa düşmədik. Çox təssüf ki, bu suala hələ də cavab tapa bilmirik".
Havar Şəfiyeva