"Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin barəsində seçilmiş həbs qərarı onun siyasi fəaliyyəti ilə əlaqədardır. Ortada hansı böyük cinayət var idi ki, Anar Əsədli bayramın ilk günündə bu qədər təcili şəkildə həbsə atıldı? Onun istintaqdan yayınmaq kimi bir niyyəti və cəhdi olmayıb, idarəyə nə zaman çağırılıbsa, gedib".
Bu sözləri Faktmedia.az-a açıqlamasında AY Partiya Başqanının müavini Gülşən Hacıyeva deyib.
O, həmçinin əlavə edib:
"Cinayət işi ilə tanış olan vəkil də, tanınmış digər hüquqşünaslar da birmənalı şəkildə burada heç bir cinayət tərkibinin olmadığını vurğulayırlar. Anar Əsədli ilə bağlı şikayətlərin heç birində cinayət tərkibi yoxdur. Hətta əsas şikayətçi olduğu bildirilən şəxsin özünün bu barədə televiziyaya verdiyi müsahibəni dinləmək kifayət edir ki, Anar Əsədlinin cinayət törətmədiyini anlayasan. İstənilən şəxsin əməlində cinayət tərkibi olmadığı halda barəsində həbs qərarı verilirsə, deməli, bu qərar hüquqi yox, siyasidir.
Məlumdur ki, ötən gün Bakı Apellyasiya Məhkəməsində Anar Əsədlinin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətə baxıldı. Məhkəməyə kifayət qədər fakt təqdim olunmasına baxmayaraq, qərar qüvvədə saxlanıldı".
Havar Şəfiyeva