Yerə zibil atanlarla bağlı Göyçay rayonunda polis əməkdaşları reydə başlayıb və qanun pozuntusuna yol vermiş bəzi şəxslərə inzibati qaydada cərimə cəzası tətbiq edirlər.
Faktmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Qeyd edilir ki, həmin şəxsləri durdurmaqla yerində deyil, polis post-patrul avtomobillərilə şöbəyə aparmaqla orada cərimə edirlər.
Paylaşımlarda əlavə edilir ki, qanunun tələblərini pozmaqda təqsirli hesab edilən şəxslər əhalinin zəif təbəqəsinə aiddir. Məsələn, kasıb, xəstəhal insanlar, uşaqlar və s... Niyə məhz belələri?
"3 gün əvvəl yaxınlarımdan biri olan 17 yaşlı məktəbli siqaret çəkib zibil qutusuna tərəf atıb, amma siqaret kötüyü qutuya yox, yerə düşüb. Bu vəziyyəti görən polis post-patrul əməkdaşları ona yaxınlaşaraq, xidməti avtomobillərinə qoyaraq polis şöbəsinə aparıblar. Bir müddət sonra ona 50 manat cərimə yazıb evə buraxıblar. Bu gün isə ona İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşı zəng edərək, onu qorxudub dərhal 50 manatı ödəməsini tələb edib. Uşağın bir manat pulu belə yoxdur, qorxu içində valideynindən pul istəyib, valideynin də pulu olmayıb deyə, indi bir neçə nəfərdən 3-5 manat pul borc almaqla cəriməni ödəmək istəyir ki, polis əməkdaşları onu təkrar avtomobilə basıb şöbəyə aparmasınlar", - deyə məlumatda bildirilir.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, 17 yaşı tamam olmuş vətəndaş inzibati xətalar məcəlləsinin 212-ci maddəsinə müvafiq olaraq, yəni tütün məhsullarının istehlakına dair məsləhətlərə riayət edilməməsi tövsif olunmaqla, həmin şəxsə 212-ci maddənin 4-cü bəndinə müvafiq olaraq (yəni, tütün məmulatlarının ətraf mühitə atılmasına görə) 50 manat məbləğində barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Həmin şəxsin qanunamüvafiq olaraq inzibati məsuliyyətə cəlb olunmasında hər hansı qanuna, hüquqa zidd hal yoxdur.Rəna Həsənova