Xəbər verdiyimiz kimi, şair Hüseyn Cavidin Naxçıvan şəhərində yerləşən ev muzeyi 8 aydır ki, fəaliyyətini dayandırıb. Muzeyə giriş-çıxış qadağan edilib.
Faktmedia.az-a Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyindən bildirilib ki, hazırda muzeydə təmir-bərpa işləri getdiyindən muzeyin ekspozisiyası fəaliyyət göstərmir: "Təmir-bərpa işləri başa çatdıqdan sonra muzey yenidən öz fəaliyyətini bərpa edəcək".
Qeyd edək ki, şairin ev muzeyi Azərbaycan hökumətinin 21 iyul, 1981-ci ildə verdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərarı ilə yaradılıb. Muzeyin açılışı 9 iyun, 1984-cü ildə olub. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərib. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi" adlandırılıb. 24 oktyabr 2002-ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsən iştirakı ilə Hüseyn Cavidin Ev Muzeyinin rəsmi açılış mərasimi keçirildikdən sonra Muzeyin ekspozisiyası geniş tamaşaçı auditoriyasının üzünə açılıb.
Bəsti Məmməd, Naxçıvan