Xəbər verdiyimiz kimi, Qarabağ Universitetinin modeli hazırlanır. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Tibb Təhsili üzrə Beynəlxalq Konfransda deyib. Nazirin sözlərinə görə, bu universitet yəqin ki, Ağdamda tikiləcək. E.Əmrullayev, həmçinin qeyd edib ki, tibb təhsilinin coğrafiyası genişləndirilməlidir.
Qarabağ Universiteti hansı konsepsiyada təşkil edilə bilər sualına isə təhsil eksperti İlqar Orucov Faktmedia.az-a açıqlamasında bildirib ki, şğaldan azad olunmuş ərazilərdə müasir tipli modern ali təhsil müəssisələrinin yaradılmasının vacibliyi ilə bağlı məsələlərə biz bir neçə dəfə toxunmuşuq:
"Mən düşünürəm ki, mütləq şəkildə həmin ərazilərdə müasir ali təhsil infrastrukturu yaradılmalıdır. Həmin ərazilərdə bir neçə profilli universitetlər yaradıla bilər. Universitetlərin böyük əksəriyyətinin paytaxtda cəmləşməsi həm də paytaxtda sıxlığa səbəb olur və eyni zamanda həmin universitetlərə regionlardan çox sayda tələbələr gəlir. Bu baxımdan, işğaldan azad olunmuş ərazilərdə xarici ölkələrdə olduğu kimi universitet şəhərləri sala bilərik, hansı ki, biz bunu müxtəlif ölkələrin təcrübəsində görürük. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərimizdə müasir şəhər quruculuğu həyata keçirilir və yaxşı olar ki, həmin şəhərlərdə həm də təhsilin inkişafına önəm verilsin. Məlum məsələdir ki, müasir tipli orta məktəblər, peşə məktəbləri inşa olunacaq. Ali təhsil infrastrukturunun yaradılması baxımından da həmin ərazilər əlverişli hesab edilə bilər. Belə universitetlərin yaradılması həm də tələbələrin paytaxta axınının qarşısını ala bilər. Eyni zamanda, universitetlərin yaradılması həmin ərazilərdə yeni salınmış şəhərlərin görünüşünü, simasını daha da gözəlləşdirəcək".
Rəna Həsənova