Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Prezident müşavirədə məmurları sərt tənqid edib. Dövlət başçısı Gədəbəy hadisələrinə görə də qurumların yarıtmaz iş aparmasını diqqətə çatdırıb:
“Bu hadisənin təbii səbəbi var idi. O da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? “Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram"
Prezidentin dünənki çıxışını Faktmedia.az-a şərh edən millət vəkili Musa Qasımlı deyib ki, Cənab Prezident İlham Əliyevin müşavirədəki nitqini diqqətlə dinlədim. Bu nitq, ölkəmizin daxilindəki şəraiti, yürüdülən siyasəti, eyni zamanda, dünya siyasətinin başlıca istiqamətlərini olduğu kimi əks etdirirdi:
"Dövlət başçımızın məmurları danlaması tamamilə təbiidir, çünki, siyasəti Cənab Prezident müəyyənləşdirir, onu müvafiq icra orqanları və orada çalışan məmurlar həyata keçirir. Müəyyənləşdirilmiş xətti yerinə yetirə bilməyənlər, onu gözdən salanlar layiqli cəzalarını da almalıdırlar. İdarəçilikdə üzgörənlik, işlərin yerinə yetirilməsində yumşaqlıq həmişə ağır nəticələrə gətirib çıxarır. Düşünürəm ki, Cənab Prezidentin söylədiyi, hansı sahədə çalışmasından asılı olmayaraq, bütün məmurlar üçün bir dərs olmalıdır. Onların qapıları vətəndaşın üzünə açıq olmalıdır. Verilən tapşırıqları məmurlar vicdanla yerinə yetirməlidirlər".
Rəna Həsənova