2022-ci ildə Mədəniyyət Nazirliyi Vətən Müharibəsindəki tarixi zəfərə ithaf olunan ədəbi müsabiqə elan etmişdi. Göstərilirdi ki, müsabiqəyə romanların qəbulu 30 dekabr 2022-ci il, dram əsərlərinin qəbulu 30 noyabr 2022-ci il, mənzum hekayələrin qəbulu 30 oktyabr 2022-ci il tarixində sona çatacaq. Lakin həmin elandan düz 1 il keçməsinə baxmayaraq müsabiqənin nəticəsi elan olunmayıb.
Məsələ ilə bağlı Faktmedia.az Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Aynur Kərimova bildirib ki, nəticələrlə bağlı yeni xəbərlər olacaq:
"Əsərlərin oxunub qiymətləndirilməsi bu ayın axırı yekunlaşır. İyul ayında qaliblərin adları mətbuatda açıqlanacaq".
Qeyd edək ki, qalib roman 1000 tirajla çap olunacaq və ingilis dilinə tərcümə ediləcək. Eyni zamanda nəşrin 300 nüsxəsi müəllifə hədiyyə ediləcək və hədiyyə nüsxələrin respublika üzrə satışı təşkil ediləcək. Həmçinin qalib dram əsərinin tamaşası hazırlanacaq və nümayiş etdiriləcək. Ən yaxşı mənzum hekayələr isə toplu şəklində çap olunacaq. Bundan əlavə roman janrı üzrə qalib 10 000 min, dram janrı üzrə 5000, hekayə janrı üzrə qalibə 5000 manat pu mükafatı veriləcək.
Rəna Həsənova