"2023- cü il Azərbaycanda Heydər Əliyev ilidir. Heydər Əliyev təkcə dövlət adamı, böyük siyasi xadim deyil, eyni zamanda, siyasi sistemimiz üçün, ümummilli maraqlarımız üçün dəyərlər yarada bilən, onu təbliğ etməyi bacaran böyük bir tarixi şəxsiyyət idi. H. Əliyev Azərbaycan xalqının ən çətin dövrlərində milli həmrəyliyin və milli ahəngdarlığın qorunması üçün Azərbaycan cəmiyyətinə ümumilli idealogiya kimi Azərbaycançılıq idealogiyasını təqdim etməyi bacaran dahi bir siyasətçi idi".
Faktmedia.az-a bu millət vəkili Hikmət Babaoğlu Ulu öndər Heydər Əliyev ili ilə bağlı ölkədə aparılan işlərdən danışarkən deyib.
Millət vəkili əlavə edib ki, ona gôrə də H. Əliyevin adı dövlət və dövlətçilik ilə assosiasiya olunur:
"90- cı illərin əvvəllərində totalitar sovet sistemindən çıxmış Azərbaycan üçün yeni siyasi dəyərlərin, yeni siyasi mədəniyyətin yaradılması zərurəti var idi və ulu öndər bu dəyərləri yaratmağı bacardı. Ona görə də Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində, Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsaslarında hansı prinsiplərin mövcud olmasını təyin edən siyasi düha da H. Əliyev dühası idi. Biz əgər bu gün qüdrətli, güclü, qalib Azərbaycandan danışırıqsa mütləq və mütləq xatırlamalıyıq ki, Azərbaycanın bu günlərə çatmasının təməlini, əsaslarını H. Əliyev qoyubdur. Bu gün H. Əliyev siyasəti davam edirsə, demək Azərbaycanda siyasi-mədəni-hüquqi varislik də ulu öndərin adı ilə bağlıdır. Ona görə də Azərbaycan cəmiyyəti bütün bunların fərqində olaraq H. Əliyev ilində çoxsaylı tədbirlər həyata keçirir. Müxtəlif dövlət strukturlarından başlamış vətəndaş cəmiyyətləri, elm- təhsil müəssisələri, qeyri- hökumət təşkilatlarına qədər, yəni Azərbaycan cəmiyyətinin təşkilatlanmağı bacaran bütün sosial və inzibati təsisatlarında belə tədbirlər keçirilir. O cümlədən, YAP-da H. Əliyevin 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçirildi. Bu ilin sonunadək belə tədbirlər davam edəcəkdir. Bu hər şeydən öncə, Azərbaycan xalqının öz dövlətçilik tarixini yenidən öyrənməsi, Azərbaycanda milli şüurun milli maraqlar əsasında formalaşması və qüdrətli Azərbaycanın inkişafının davam etdirilməsi baxımından da olduqca zəruridir".
Rəna Həsənova