Azərbaycanın Vətən Müharibəsində qazandığı böyük zəfərdə öz peşə fəaliyyətini şərəflə yerinə yetirən, minlərlə əsgər və zabitin həyatını xilas edən fədakar həkimlərin rolu danılmazdır.
Faktmedia.az xəbər verir ki, Birinci və İkinci Qarabağ Müharibəsində ön cəbhədə mübarizə aparan həkimlərdən biri də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri, ümumi cərrah Kərim Kərimovdur.
Vətən müharibəsində qazandığımız qələbəni hərbçilərimiz qədər, həm də ön cəbhədə çalışan digər peşə sahiblərinə borcluyuq. Onların arasında həkimlərin rolu isə xüsusidir. Kərim həkim 44 günlük Vətən savaşının ilk günlərindən etibarən əlinə silah alıb, könüllü olaraq vətənin müdafiəsinə yola düşüb. Kərim həkim həmçinin birinci Qarabağ müharibəsinin könüllü iştirakçılarından olub.
Qeyd edək ki, həkim 1992-ci ildə Ağdam rayonunun Novruzlu kəndi istiqamətində döyüşlərə qatılıb. 1998-2001-ci illərdə isə yenidən hərbi-həkim, zabit kimi xidmətə cəlb olunub. Həkim Kərimov 07 yanvar 1971-ci ildə Mingəçevir şəhərində anadan olub. 1991-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb, ümumi uşaq cərrahi ixtisasına yiyələnib. 1997-1998-ci illərdə Mingəçevir ŞMX-da internatura keçib. 1998-2001-ci illərdə Azərbaycan Ordusunda, düşmənlə üz-üzə, ön cəbhədə tibb xidməti rəisi olaraq həqiqi hərbi xidmət keçib.
O, 2001-2019-cu illərdə Mingəçevir şəhər 2 saylı Poliklinikasında və Uşaq cərrahiyyə şöbəsində işləyib. 2019-cu ildən etibarən Mingəçevir ŞMX-nın Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışır. Peşəkar cərrah Kərim Kərimov hər an ürəyi vətən sevgisi və insana mərhəmət hissi ilə döyünən həkim-cərrahdır. Biz onunla həm söhbət olarkən şahidi olduq ki,yanına gələn xəstələr həkimin öz sahəsi olmasada israr edirlər ki,onlara Kərim həkim baxsın. Lakin həkim öz peşəkarlığını ortaya qoyaraq gələn xəstələri aidiyyəti üzrə yönləndirir. Yeri gəlmişkən onu da qeyd edək ki, Kərimovu yaşadığı şəhərin insanları da, çiyin-çiyinə vuruşduğu döyüş yoldaşları da belə tanıyır. Vətənpərvər, mərd həkim...
Qeyd edək ki, qazi həkim müharibənin son gününə qədər iştirak edib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından könüllü cəbhəyə üz tutan, Füzuli ətrafında gedən döyüşlərdə taborların birində tibb xidmətinə rəhbərlik edən, həm döyüşən, həm yaralı yoldaşlarına yardım edən, yaralansa belə, bütün çətinliklərə baxmayaraq ordu ilə birgə irəliləyən və qələbəni Şuşa şəhərində qarşılayan Kərim Kərimova hamı indi qəhrəman kimi baxır.
Həkim deyir ki,o, qələbəni Şuşada qarşıladığı üçün özünü qəhrəman əsgər hesab edir. Kərim Kərimov “Şuşanın azadığına görə” medalı ilə təltif olunub.
Esmira Hidayətova