"Dünəndən dünyanın müxtəlif yerlərindən zənglər gəlir, yazılar yazılır. Hamısına təşəkkür edirəm. Qəzəb olan yerdə sən daha da möhkəmlənirsən, amma sevgi olan yerdə insan kövrəlir, duyğusallaşır".
Bunu Faktmedia.az-a açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı deyib.
Şair dünyada ən böyük gücünün sevgidə olduğunu dilə gətirərək qeyd edib:
"Bir dəfə NATO-nun qərargahında oldum. Orda Azərbaycan heyəti nümayəndəliyi kimi danışanda qeyd etdim ki, sizin güclü silahınız var, NATO çox güclü bir qurumdur. Bir şair, yazıçı olaraq sözümə davam elədim. Lakin bizim elə bir silahımız var ki, NATO-nun silahından da güclüdür. Bu silahın adı sevgidir. Bu gün həmin sevgini görürəm. 77 yaşa asan yolla gəlmədim. Uzaq bir dağ kəndi, çətin şərait, heç bir rahatlıq, televizor, radio heç nə olmadan sözümü xalqa çatdıra bildim. İradə və istək olanda insan dağları daşar və yolsuzluqlardan da keçib gedər. Bakıya gəldim və həyat başlandı. Sözdən başqa heç nəyim olmayıb. Həmişə çalışmışam ki, ədalətli, qorxmaz, mərd söz deyim. Millətin taleyi ilə bağlı sözüm hər zaman qapılarımı açıb. Söz mənə bütün Azərbaycanda şöhrət qazandırdı, amma şöhrət artanın qeybət də artır. Mənə ölü fitfası da verdilər, müxalifətdən daim təzyiqlər, müxtəlif tənqidlər, bəzən də təhqirlər görə görə gəldim bu yolu. Amma şükr bunların hamısı məni möhkəmləndirib. Bu günə qədər heç zaman yolunu azmadan, təkcə Azərbaycanda yox, dünyanın bütün qitələrində daim xalqımın sözünü demişəm. Bu gün gördüyüm dəyər, səmimiyyət və sevgi mənim üçün ən böyük hədiyyədir".
Qeyd edək ki, Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının rayonun Hamarkənd kəndində anadan olub. Dünən şairin 77 yaşı tamam olub.
Havar Şəfiyeva