"Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB subyektləri üçün bir sıra vergi güzəştləri və azadolmalar nəzərdə tutulur. Belə ki, gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir və mənfəətin 75 faizi miqdarında vergidən azaddırlar".
Bunu Faktmedia.az-a açıqlamasında KOBİA-dan bildirib.
Açıqlamada eyni zamanda qeyd olunur:
"Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).
“Startap” şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.
KOB klasterin iştirakçısı olan mikro, kiçik və orta sahibkarlıq subyekti KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin (mənfəətin) kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi üzrə 7 il müddətinə vergidən azaddır.
Eyni zamanda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir. KOB-lar üçün qanunvericilikdə nəzərdə tutulan bir sıra güzəşt və azadolmalarla yanaşı, müxtəlif dəstək tədbirləri də mövcuddur".
Kənd təsərrüfatı sahəsində iş quranlar üçün dövlət hansı imkanlar yaradıb sualımızı isə qurum belə cavablandırıb:
"Kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiya verilir. Subsidiyaların verilməsi 2020-ci ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə həyata keçirilir.
Sahibkarlara aşağı faizlə dövlətin güzəştli kreditləri verilir. Kənd təsərrüfatı sahəsi üzrə dövlətin güzəştli kreditlərini almaq istəyən sahibkarlar Iqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.
Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, eləcə də damazlıq heyvanın güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi həyata keçirilir.
Sahibkarlar dövlətin güzəştli kreditləri və subsidiya ilə bağlı məlumatları www.e-edf.gov.az və www.akia.gov.az saytlarından əldə edə bilərlər. Eyni zamanda Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və satışı üçün bir sıra vergi güzəştləri mövcuddur. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən 2014-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə torpaq vergisi istisna olmaqla, digər vergiləri ödəməkdən azaddır".
Havar Şəfiyeva