Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Həmid Qədirovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
İttihama görə, hadisə 13 may 2022-ci il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Həmid Qədirov dostları ilə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə fəhlə kimi işlədiyi Xırdalan qəbiristanlığına gəlib. O, barəsində qəbiristanlıq rəhbərliyinə yalan məlumat verildiyini bəhanə edərək orada bağban işləyən Əşrəf Nəbiyevin (şərti) əvvəlcə yumruqla sifətinə, sonra isə silah qismində istifadə etdiyi daşla başına və qoluna iki dəfə qəsdlə vurarub. Nəticədə Həmid Əşrəfə qəsdən sağlamlığına yüngül zərər yetirib.
Hadisədən sonra zərərçəkmiş polisə müraciət edib.