HƏMAS-ın İsrailə qarşı hücumlarının hədəflərindən biri musiqi festivalı olub.
Faktmedia.az xəbər verir ki, Fələstin sərhədində keçirilən festivala qatılan 260 nəfərin həyatını itirdiyi bildirilib.
İsraildə Qəzza zolağı yaxınlığında səhrada keçirilən elektron musiqi festivalı Həmas silahlılarının motorlu paraşütlərlə ora basqın etməsi ilə kabusa çevrilib.
HƏMAS silahlıları motorlu paraşütlərlə İsrailin cənubuna sızıblar. Həmin anlar Qəzza yaxınlığındakı məclisdən də lentə alınıb.
Sosial mediada paylaşılan görüntülərdə festivala qatılan israilli gənclər səhrada rəqs edərkən səmada paramotor paraşütlər görünür.
Yayımlanan videolarda HƏMAS silahlıları yerə endikdən sonra təsadüfi atəş açmağa başlayır.
İsraildə könüllülərin fövqəladə hallara cavabdeh qrupu olan ZAKA-nın məlumatına görə, konsert yerindən ən azı 260 cəsəd çıxarılıb. Ölkə üzrə ən azı 700 nəfər ölüb. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, onlarla insan hələ də itkin düşüb. İsrail mediası bu rəqəmin 100-dən çox olduğunu iddia edir. HƏMAS bildirir ki, girovlar Qəzzada tunellərdə və digər təhlükəsiz yerlərdə saxlanılır. Bunların neçəsinin festivaldan götürüldüyü hələlik məlum deyil.
Rəna Həsənova