Xəbər verdiyimiz kimi, deputat Qənirə Paşayeva vəfat etdi. Onun vəfatına səbəb kimi, arıqlamaq üçün istifadə etdiyi dərmanların olduğu deyilirdi. Yəni bu barədə mətbuata yaxınları elə açıqlama vermişdi.
Maraqlıdır, arıqlamaq üçün istifadə edilən həblər öldürücü faktora nə zaman çevrilə bilər?
Məsələ ilə bağlı Faktmedia.az-a tibb üzrə ekspert Adil Qeybulla deyib ki, arıqlama dərmanlarından ölüm hallarının baş verməsi nəzəri cəhətdən mümkündür:
"İstənilən bir situasiya, həyatla bir araya sığmayan vəziyyət ölümə gətirib çıxara bilər. Arıqlama dərmanlarını uzun müddət qəbul etdikdə, xəstə uzun müddət anoreksiya deyilən aclıq halı keçirdikdə, xəstədə ilk növbədə psixi dəyişikliklər baş verir. Amma bu şəkildə aclıq fonunda ölüm halları həddən artıq üzülmədən- kaxeksiyadan baş verə bilər. Millət vəkili Qənirə Paşayevaya Allah rəhmət eləsin. Əlbəttə, bu ölüm bütün cəmiyyətimiz üçün üzücü bir xəbər oldu. Mən Qənirə xanımı ANS televiziya şirkətində çalışdığı dövrdən tanıyıram. Mən də həmin televiziyanın verilişlərində dəfələrlə qonaq olmuşam, çıxışlar etmişəm.Qənirə xanımla münasibətlərimiz də çox yaxşı olub. Qənirə xanım çox fəal millət vəkili olub, bütün məsələlərdə nümunələr ortaya qoyub, şəxsi həyatı olmayıb. Bütün bunlar çox ciddi xatirələr və izlərdir. Qənirə xanım ictimai fiqur kimi bu gün cəmiyyətdə önəmlə qeyd edilir. Məsələ ondan ibarətdir ki, millət vəkilinin ölümü ilə bağlı Mərkəzi klinikanın rəhbərliyi tərəfindən verilən açıqlama reallığı əks etdirmir, əksinə, bu açıqlama daha çox suallar yaradır. Buna görə də müxtəlif şayiələr baş alıb gedir. İstənilən bir xəstəxanada və yaxud evdə baş verən ölüm halları təşrih olunmalıdır, araşdırılmalıdır, ölümün birbaşa səbəbi müəyyən edilməlidir və ictimaiyyətə açıqlanmalıdır. Dünyanın getdiyi yol budur, qalan şeylər fərziyyə olacaq, şayiələrə yol açacaq və uzun müddət bu cür şayiələr baş alıb gedəcək".
Rəna Həsənova