"Bir neçə aydır ki, dünyada taxılın qiymətləri artıq 8-10 faiz ucuzlaşmışdır. Taxılın qiymətinin enməsi un və un məmulatlarına bir neçə aydan sonra öz təsirini göstərir, belə ki, ölkədə taxıl bir neçə ay əvvəl tədarük olunur. Buna görə də dünya bazarında taxılın qiymətinin enməsi bizdə də bir neçə aydan sonra öz nəticəsini göstərdi".
Bu fikirləri Faktmedia.az-a iqtisadçı Eyyub Kərimli unun və çörəyin qiymətinin ucuzlaşmasına münasibət bildirən zaman deyib.
İqtisadçı bildirib ki, bu gün unun qiymətinin artması dünyada taxıl bazarlarının qiymətindən asılı olacaqdır:
"Hazırda Rusiya taxıl sazişindən çıxmaq istəyir və bununla bağlı müzakirələr aparılır. Hələ ki, müzakirələr ərəfəsində dünyada taxılın qiyməti sabitdir. Ümumiyyətlə, bu il dünyada taxıl tədarükü istehsalı ötən ilə nisbətən 1 faiz artıb, yəni qıtlıq yaşanmır. Bu da bizə onu deməyə əsas verir ki, əgər Rusiya da taxıl sazişinə qalmağa davam etsə, taxılın qiymətləri sabit qalacaq və artım müşahidə edilməyəcəkdir. Bizdə də un və çörəyin qiymətlərində olan dəyişiklik dünyada taxıl bazarında baş verən prosseslərlə birbaşa asılıdır, çünki ölkəmizin taxıl tədarükü əsasən idxaldan asılıdır. Ölkədə 70 faizədək istehlak olunan taxıl xarici ölkələrdən, əsasən Rusiya, Qazaxıstan və Ukraynadan idxal olunur. Bu baxımdan dünya bazarında taxılın qiymətlərində gedən dəyişiklik ölkəmizdə də öz təsirini göstərə bilər".
Rəna Həsənova