Moskva Ermənistan və Azərbaycanla əlaqədə Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin nizamlanması üçün bütün səylərini davam etdirməyi planlaşdırır.
Faktmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaaçıqlayıb.
Diplomat əlavə edib ki, Rusiya tərəfi Bakı və İrəvanla əlaqədə - Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması üçün intensiv səylər göstərməyə davam edəcək:
“Biz hər iki tərəfə Rusiya, Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmalara ciddi əməl olunmasının, təmkinliliyin və Laçın dəhlizi ərazisində təhlükəsizliyin təmin edilməsində öz məsuliyyətlərini dərk etməyin vacibliyi barədə mesajımızı bir daha bildiririk".
Zaxarova həmçinin bildirib ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə müvafiq komissiya tərəfindən görülən işlərin vacibliyini qeyd edir və Moskva məsləhətçi yardım göstərməyə hazırdır.
"Biz müvafiq komissiya tərəfindən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə davamlı işin vacibliyini qeyd edirik. Biz lazımi məsləhətçi yardımı göstərməyə hazırıq", - o, bəyanatda bildirib.
Xəyalə Xəlilova