Dünyaya göz açdığımız andan xoşbəxtlik axtarışındayıq. Körpə üçün ən böyük xoşbəxtlik vaxtlı-vaxtında qidalanması, valideyn sevgisi ilə əhatə olunmasıdır. Dil açdığımız andan artıq istəklərimizi ifadə etməyə başlayırıq. Bir sözlə, böyüdükcə xoşbəxtlik anlayışımız da böyüyür və dəyişir.
Psixoloqların fikrincə, dünyaya gəldiyi andan bütün insanlar nikbinliyə və ya bədbinliyə meyillidirlər.
Bu məsələdə əsas rolu insanın xarakteri oynadığı kimi, genetikanın da önəmli olması diqqətdən kənar qalmamalıdır.
Eyni zamanda, hər zaman 100 faiz xoşbəxt olmaq praktiki olaraq qeyri-realdır.
Hər bir insanın "xoşbəxtlik" sözü ilə bağlı öz anlayışı var.
Bununla yanaşı mütəxəssislər bildirirlər ki, xoşbəxt insan "Mən kiməm?", "Hara gedirəm?", "Özümü dərk etməkdən nə dərəcədə razıyam?" kimi suallara özlüyündə cavab tapmalıdır.
Hazırda psixoloqlar 100 faiz xoşbəxt olmağın mümkün olub-olmaması ilə bağlı mübahisələri davam etdirirlər.
Bu, dünyanın özünün qeyri-kamil olması və bütün insanların bu naqisliklərə reaksiya verməsi ilə bağlıdır.