"Ermənistan Sovet dövrünün sonuncu onilliklərində müxtəlif təzyiqlərlə Qazax rayonunun müxtəlif ərazilərindən minlərlə hektar torpaq ərazisini mənimsəyib. 1990-92 - ci ilərdə 7 kəndini işğal edib. Bağanıs Ayrım kəndinin əhalisinə divan tutub, diri - diri ot tayasına basıb yandırıb. O haqda mən sənədli roman da yazmışam. Həmin kəndlərin əhalisi bu gün qaçqın - köçkün həyatı yaşayır".
Bu sözləri Faktmedia.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan deyib.
O qeyd edir ki, Sədərək rayonunun Kərki kəndi də eyni aqibəti yaşayıb.
"Ermənistan bu kəndləri də öz xoşluğu ilə qaytarmaq istəmir. Min cür bəhanələr gətirir. Sonuncu dəfə Nikol Paşinyan sərsəm fikirlər söyləyib ki, guya onların da hansısa ərazisi bizim nəzarətimizdədir. Bu tamamilə cəfəngiyyatdır. Paşinyanın dediyi əraziləri, Ermənistanın özü işğal edib və Azərbaycana məxsus digər yüksəkliklər hələ də erməni işğalındadır. Dilican rayonu, İcevan rayonu vaxtilə Qazax mahalının tərkibində olub. Hələ biz onları demirik, sonrakı dövrdə ələ keçirdikləri minlərlə hektar yaylaq sahələrini, 7 kəndi qaytarmalıdırlar əvvəlcə. Özü də qeyd - şərtsiz.
O kəndlər Qarabağdan əvvəl işğal olunmuşdu, Qarabağ azad edilib, lakin o kəndlər hələ də işğalda qalır. Ermənistanın təkcə Qarabağa yox, bütün Azərbaycana iddialı olmasını bu fakt bir daha sübut edir".
O vurğulayıb ki, həmin kəndlərin işğalına canlı şahid olan şəxs kimi, qohum əqrabası o kəndlərdən didərgin düşən bir vətəndaş olaraq deyə bilərəm ki, Ermənistanın həmin kəndləri hələ də azad etməməsi Qarabağdan sonra ikinci bir münaqişə mərkəzi yaratmaq cəhdidir:" Necə ki, 44 günlük savaşdan öncə Tovuz rayonu ərazisində məlum təxribatı törədərək diqqəti Qarabağdan yayındırmaq, təxribatlarının masştabını başqa ərazilərə çəkərək genişləndirmək istəyirdilər. Ermənistanı kontrolda saxlayan gizli əllər Qarabağ məsələsinin artıq Azərbaycanın üstünlüyü ilə həllini tapdığını görüb növbəti "ehtiyat münaqişə nöqtəsi" saxlamaqda maraqlıdırlar. Bu ehtimallar nəzərə alınaraq həmin kəndlərin azad edilməsi prosesi də paralel aparılmalıdır. İnanıram ki, bu halda həmin ərazilərimiz də tamamilə öz azadlığına qovuşacaq".
Havar Şəfiyeva