"Azərbaycan Respublikası vətəndaşlığına qəbul “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən tənzimlənir. Ölkə ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən şəxslər, həmçinin qanunvericikdə nəzərdə tutulan digər hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vətəndaşlığa qəbul olunmaq üçün müraciət edə bilərlər".
Bu barədə Faktmedia.az-a Dövlət Miqrasiya Xidmətindən bildirilib.
Açıqlamasında həmçinin qeyd olunur:
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində göstərilən tələbləri yerinə yetirməyən, həmçinin qanunla müəyyən edilmiş digər hallarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müvafiq müraciətləri müsbət cavablandırılmır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45-ci və 52-ci maddələrində nəzərdə tutulmuş müvafiq əsaslar olduqda əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərlər".
Havar Şəfiyeva