"Quranı baş üzərinə qoyaraq, Allaha dua etməyin "Qurana hörmətsizlik" olduğunu deyən, heç şübhəsiz ki, qərəzli adamdır".
Faktmedia.az xəbər verir ki, bunu satirik şeirləri ilə məşhurlaşan şair Tofiq Həsənli deyib.
"Quranı başa qoymaq Qurana olunan hörmətin ən gözəl nümunələrindən biridir. Məncə, Quran yandırılanda belə reaksiya vermək lazım idi. Amma həmin vaxt Elşad Miri müsəlmanları sakitləşdirirdi ki, "bu sadəcə kağızdır, Quranın əsli deyil". Həm də deyib ki, "Quran müqəddəs deyil". Indi insanlar Quranı uca tutub, başlarının üzərinə qoymaqla "Qurana hörmətsizlik" etdilər?! Sadəcə ağlı başında olan adam görməlidir ki, bu, açıq-aşkar qərəzdir. O qərəzin arxasında nələr dayanır, bunu artıq əsassız danışmaq istəmirəm..."
Qeyd edək ki, ilahiyyatçı Elşad Miri Əhya Gecəsində insanların Qurani-Kərimi başlarına qoyması haqqında çıxışı ilə yenidən gündəmə gəlib. İlahiyyatçı bunları deyib:
“Quranı başa qoymaq Qurana hörmət olsaydı, bunu ən çox peyğəmbərimiz edərdi. Quranı başa qoymaq onu anlamağımız, eləcə də anlayıb yaşamağımız üçün göndərənə qarşı hörmətsizlikdir. Quranın ilk nüsxələrini başa qoymaq isə onun böyüklüyü və həcmi altında nəfəssiz qalmaqdır”.
Sevinc Hüseynova