"Əslində Zəngəzur dəhlizinin açılması məsələsi keçmiş münaqişə vəziyyətinin mövcudluğu dönəmində var idi və bu haqda kifayət qədər intensiv müzakirələr də aparılırdı. Hazırki dövrdə Ermənistanın Laçın yolu ətrafında geniş şou düzəltməsinin başlıca məqsədi ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi arxa plana keçsin".
Bu fikirləri Faktmedia.az-a millət vəkili Elşad Mirbəşirli deyib.
Deputat əlavə edib:
"Həm Qərbdə, həm ABŞ- da Azərbaycanla Ermənistan arasında sülh sazişinin yaxın dövrlərdə imzalanacağı haqqında təsəvvürlər formalaşdırılmaqda idi. Məsələn, Brüssel formatında keçirilən görüşlərdə sülh mətni üzərində işlərin getdiyi haqqında fikirlər səslənirdi, tərəflər mövqelərini kifayət qədər yaxınlaşdırması haqqında fikirlər eşidirdik. ABŞ-da da bildiyimiz kimi, sonuncu xarici işlər nazirləri səviyyəsində görüşdən sonra ABŞ-ın Dövlət Departamentinin mövqeyi ondan ibarət oldu ki, prinsipial məsələlərlə bağlı mövqelər hələ çox uzaqdır, yəni bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması prossesi hələ uzanacaqdır".
Rəna Həsənova