“Ümumi götürsək dünyada yeni siyasi arxitektura formalaşdırılır. Hər bir ölkə çalışır yeni düzəndə mövqeyini bu və ya digər şəkildə möhkəmləndirsin. Azərbaycan hal-hazırda dünyada sürətlə və bütün spektrlərdə inkişaf edən, yəni həm siyasi, həm iqtisadi, həm hərbi, həm geosiyasi, həm qlobal anlamda hörmət olunan ölkədir. Ölkə rəhbərliyi dünyada nüfuzlu, xarizmatik, ən uzaqgörən siyasətçi kimi tanınır. Bunun hər biri gücümüzə güc qatır. Təsadüfi deyil ki, bu gün ölkəmiz regionda lider statusunu qoruyub saxlayır və hər gün inkişaf etdirir".
Bunu Faktmedia.az-a Milli Məclisinin VI çağırış deputatı Vüqar İskəndərov deyib.
Deputat Laçın-Xankəndi yolundakı aksiyaların nə zamana qədər davam edəcəyi barədə suala belə cavab verib:
“Azərbaycan xalqının sifarişini yerinə yetirən ekofəallar, vətəndaş cəmiyyətinin fəal üzvləri 40 gündən çoxdur ki, Laçın-Xankəndi yolunda aksiya edirlər. Aksiyanın əsas gücü suveren ərazilərimizdə erməni terrorçularının xarici şirkətlərlə birgə yeraltı və yerüstü sərvətlərimizi istismar etmələri, ərazimizdə müvəqqəti yerləşən sülhməramlıların rəhbərliyinin bu məsələlərdə fəaliyyətsizliyi və yaxud onlara dəstək olmalarına qarşı cavabdır. Aksiya dövründə Ermənistandan gələn silah qaçaqmalçılığı və digər qanunazidd hərəkətlərin qarşısı alınıb. Bu yol hazırda humanitar məsələlər üçün açıqdır. Yüzlərlə sülhməramlıların avtomobili, Qırmızı Xaç Cəmiyyətinin maşın karvanları həmin ərazidən keçirlər. Ermənistanda olan hansısa xəstələr, yardımlar bu yolla təmin olunurlar. Bu isə onu deməyə əsas verir ki, həmin yol açıqdır. Bizim tələbimiz həyata keçməyənə qədər aksiya davam edəcək. Orada olan ekofəallar, aktivistlər öz fikirlərində israrlıdırlar. Üçtərəfli bəyanatın şərtləri də Ermənistan tərəfindən həyata keçmir. Belə ki, dördüncü bəndə baxsaq, şərtlərə görə, sülhməramlılar ora yerləşdikdən sonra erməni hərbi birləşmələri çıxmalı idi. Bizim sülhməramlılara irad və sullarımız var. Bütün bu sallara cavab vermək üçün sülhməramlı kontingentin rəhbəri general-mayor Andrey Volkov aksiyaçıların qarşısına çıxmalıdır. Bəyanatın şərtlərindən biri də sülhməramlıların ora müvəqqəti yerləşməsidir. Onların 5 illik mandat müddətləri var. Zamanları bitəndə Rəsmi Bakı öz qərarını verəcək. Azərbaycan cəmiyyəti isə sülhməramlıların işindən narazıdı, onlar üzərinə düşən işi yerinə yetirmirlər. Missiyalarına uyğun olmayan addımlar atırlar, heykəl açılışı edirlər, yemək paylayırlar. Bu onların mandatından kənar işlərdi. Sülhməramlıların rəhbərliyi bu qanunazidd məsələ ilə bağlı cavab verməlidir. Təbii ki, bununla bağlı həm Prezidentimiz, həm XİN Rusiya nümayəndələri ilə görüşlərdə fikir ortaya qoyurlar. Ölkə başçımız Rusiya rəhbəri qarşısında da bu məsələni qaldırıb, iradlarını bildirib. Aksiya bir çox mətləbləri üzə çıxardı. Aksiya dövründə həmin ərazilərə silah-sursatın daşınmasının qarşısı alınıb. Həmin ərazilərdə yaşayan erməni vətəndaşlarımız anlamağa başlayıblar ki, Azərbaycan vətəndaşları ilə birgə, dinc yaşaya bilərlər. Onların nicat yolu Azərbaycan konstitutiyası altında yaşamaqdır. Onlar da Azərbaycanda yaşayan digər azsaylı xalqlar kimi bərabər hüquqlara malik olacaqlar. Düşünürəm ki, aksiya öz hədəflərinə çatmaq üzrədir".
Bəsti Məmməd