"40 ilə yaxındır Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində dərs deyirəm. Mən desəm ki, aktyorlarımız zəifdir, bu bir mənalı söz olar və özüm özümün əksinə getmiş olaram. Hər şey göz qabağındadır".
Bu fikirləri Faktmedia.az-a açıqlamasında aktyor Azad Şükürov deyib.
Onun sözlərinə görə, hazırda teatrlarda kifayət qədər gənclər çalışır və bu gənclər çox uğurlu sənət əsərlərini ortalığa qoyur:
"Müəyyən müstəqil teatrlar da yaranmaqdadır. Çox istedadlı gənclərimiz var lakin, onların əksəriyyəti bəzən səhnədən, teatrdan kənarda qalırlar və özlərinə iş tapa bilmirlər. Görünür müəyyən işlər həyata keçirilməlidir. Bu gün seriallar çox çəkilir. Onların arasında çox zəif seriallar da var, bu normal bir haldır. Bunu "Seriallar bazar"ı da adlandırmaq olar. Burda keyfiyyətli, həm də keyfiyyətsiz məhsullar var. Təkcə kino və teatr sahəsində deyil, digər sahələrdə də uğurlu gənclər yetişməkdədir və onların gələcəyinə inanıram. Sadəcə onlara daha çox şərait yaratmaq lazımdır. Gənclərin ortalığa çıxmasında Heydər Əliyev Fondu müəyyən işlər görür, amma çox yaxşı olardı ki, digər strukturlar da bu prosesdə daha fəal iştirak etsinlər".
Havar Şəfiyeva