6-cı siniflərdə fizika və biologiyanın tədrisdən çıxarılması barədə xəbər vermişdik. Yəni biologiya ilə fizika ayrıca fənn kimi tədris olunmayacaq.
Bunun müsbət və mənfi tərəfləri nə ola bilər? Bu barədə deputat Ceyhun Məmmədova sual ünvanladıq. Deputat bu barədə yalnız Elm və Təhsil Nazirliyi cavab verə biləcəyin deyib, şərh etmək istəmədi. Açığını desək ki, yəqin deputat "nə şiş yansın, nə kabab" məsələsindən yapışıb danışmaq istəməyib.
Deputatın dediyi kimi, Elm və Təhsil Nazirliyinə müraciət ünvanladıq. Nazirlikdən Faktmedia.az-a bildirildi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə əsasən, ümumi təhsilin səviyyələri üzrə tədris olunan fənlərin siyahısında müəyyən dəyişikliklər edilib:
“Ümumi orta təhsil səviyyəsindən “Həyat bilgisi” fənni çıxarılaraq “Təbiət” fənni əlavə edilib. 2022-2023-cü dərs ilində ölkənin bütün V siniflərində təbiət fənni tədris olunub. 2023-2024-cü dərs ilində bütün VI siniflərdə təbiət fənninin tədrisinin davam etdirilməsi nəzərdə tutulur. Təbiət fənninin məzmununa fizika, kimya və biologiya fənləri üzrə ilkin biliklər daxil edilib. İnteqrativ məzmunlu bu fənn VII siniflərdə tədris olunacaq fizika, kimya və biologiya fənlərinə keçid xarakteri daşıyır”.
Rəna Həsənova