"İntizam komissiyasında Vahid Əhmədovun işi ilə bağlı məsələyə baxılacaq və belə olan halda hansısa qərar qəbul ediləcəyi komissiya üzvlərindən asılıdır. Vahid Əhmədov öz mövqeyini hansı səviyyədə müdafiə etməyi bacarmasından asılıdır. Amma, istənilən halda Vahid Əhmədovun səsləndirdiyi fikirlər biz deputatlar və bizi seçən seçicilər arasında çox böyük narazılıqla qarşılanıb".
Bunu Faktmedia.az-a millət vəkili Elman Nəsirov açıqlayıb.
Deputat bildirib ki, xüsusilə də, tarixi əhəmiyyətli seçkilərə hazırlaşdığı bir vaxtda qardaş Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə hər kəsdə hiddət doğurdu:
"Hər kəsə gün kimi aydındır ki, ikinci vətən müharibəsindəki tarixi qələbəmizin əldə edilməsində şəxsən Türkiyə Prezidenti cənab Ərdoğan və onun rəhbərlik etdiyi Türkiyə dövlətinin və xalqının müstəsna rolu olub. Türkiyə dövlətinin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək sayəsində biz xeyli rahat şəkildə tarixi qələbəmizi əldə etdik. 44 gün ərzində tarixi zəfərə imza atdıq. Mən hesab edirəm ki, Türkiyədəki seçkilər ərəfəsində belə fikirlərin səsləndirilməsi ümumiyyətlə qəbuledilməzdir. Ona görə də düşünürəm ki, Vahid Əhmədova ən azı töhmət verilməsi istisna deyil. Mən komissiya üzvü olmadığıma görə hələ bu məsələ ilə bağlı konkret fikir söyləyə bilmirəm. Vahid Əhmədov çox böyük siyasi səhvə imza atıb. Qəbuledilməz məsələlərdən bəhs edib, hətta bir çox hallarda siyasi şantaj ritorikasından istifadə edib. " Seçkilərdə mən qalib gəlməsəydim, digər rəqib qalib gəlsəydi onda xalq ayağa qalxardı, üsyan edərdi" bu kimi fikirlər ümumiyyətlə qəbuledilməzdir. Bu hansı ritorikadır, danışıq üslubudur, bu nə hədədir, təhdiddir? Hesab edirəm ki, belə siyasi səhvlərə qətiyyən yol verməməlidir. Onun bu davranışı hələ də mənim üçün anlaşılmazdır".
Rəna Həsənova