9-cu mikrarayon Mir Celal 63 A ünvanında yaşayan sakinlər yaxınlıqda aparılan inşaat işlərinin onları narahat etməsindən şikayətlənirlər.
Faktmedia.az-a sözügedən ərazidə yaşayan bir qrup sakin şikayət edib.
Sakinlərin bildirdiyinə görə, onların yaşadığı binanın düz qarşısında çoxmərtəbəli binanın inşası gecə saatlarında aparılır. Dəfələrlə Fövqaladə Hallar Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilsə də, sakinlərin şikayəti öz həllini tapmayıb.
Sakin Əzizov Şahin deyir ki, onların yaşadığı bina ilə qazıntı aparılan inşaat arasında 15 metr məsafə var: "Biz tikintinin aparılmasına yox, vaxtsız-vədəsiz aparılmasına görə şikayət edirik. Gecə saat iki də belə traktor işləyir. Bu isə bizim dincliyimizi pozur. Axı heç bir tikinti qanunlarıında da belə bir şey yoxdur. İşin iş vaxtı var. Gecə saatları insanların rahatlığını pozmaq olmaz axı".
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Faktmedia.az-a bildirdi ki, bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyi məşğul olmalıdır: "Hər bir halda biz bu məsələ ilə bağlı lazımı araşdırmalara başlamışıq".
Havar Şəfiyeva