"Son zamanlar Azərbaycanın "Whatsapp" istifadəçiləri yerli və xarici ölkələrə məxsus saxta "Whatsapp" hesablarından fırıldaqçı mesajlar almağa başlayıb. Texnologiyaların günü-gündən inkişaf etdiyi bir dövrdə dələduzlar da öz hücum texnikalarını təkmilləşdirirlər. Hal-hazırda geniş yayılmış dələduzluq sxemlərindən biri böyük texnologiya şirkətləri ( Amazon, Google və s.) ilə əməkdaşlıq edən tərəfdaş olaraq iş təklifi ilə bağlı fırıldaqçı mesajlardı".
Bu sözləri Faktmedia.az-a müsahibəsində İT mütəxəssisi Fərhad Mirəliyev deyib.
O, həmçinin bildirir:
"Whatsapp" istifadəçiləri bəzən bu şirkətlərin adını eşidəndə psixoloji olaraq real qazanc əldə edə biləcəyinə köklənir və dələduzların təlimatlarını icra etməyə başlayırlar. Proses zamanı bir neçə xarici ölkənin nömrə hesabları ilə əlaqə yaradılır, hətta etimad mühitinin formalaşdırmaq üçün yerli saxta nömrələrdən də istifadə olunur. Ümumi işin təsviri ondan ibarətdir ki, qurban seçilmiş şəxsə saxta bir sayta keçid üçün link təqdim olunur, hədəf seçilmiş şəxs bu linkə keçid edərək orada saxta hesab açır, şirnikləndirici bir addım olaraq isə hesabda kiçik miqdarda pul vəsaitinin görünməsi təmin edilir. Sonrası artıq online maliyyə piramidası prinsipi ilə davam etdirilir. Qurban seçilmiş şəxsə edəcəyi investitsiya müqabilində etdiyi yatırımdan daha çox qazana biləcəyi aşılanır. "Whatsapp" istifadəçisi azca diqqətsizlik edib inanarsa, o zaman qarşı tərəfin toruna düşmüş olur. Belə hallarla mübarizə aparmaq birbaşa vətəndaşın öz üzərinə düşür. Şübhə doğuran bütün hallar araşdırma tələb edir".
Havar Şəfiyeva