"Qəzalarda başlıca səbəblər yolların yararsız olması, keyfiyyətsiz çəkilməsi, bununla yanaşı yol hərəkətindəki təşkilin çox yanlış olmasıdır. İstər avtobus, istər adi maşın olsun insanlara nəzarət çox zəifdir".
Bunu Faktmedia.az-a yol hərəkəti təhlükəsizliyi mütəxəssisi, ekspert, sürücülük təlimçisi Arzu Kürsüm Babazadə deyib.
O bildirib ki, narkoman da, psixoloji problemi olan da, içki aludəçisi də sükan arxasında oturur, amma əslində bunlara ciddi nəzarət olunmalıdır:
"Bunlar hansı yollarla sürücülük vəsiqəsini əldə etmiş adamlardır? Bununla yanaşı avtomobil sürə-sürə mobil telefonlarla oyun oynayanların da ucbatından daha çox qəzalar baş verir. Qəzalara yol açan ciddi bir səbəb də avtomobil nasazlığıdır. Bu insanların biraz madiyyatı ilə bağlıdır ki, avtomobili saz vəziyyətə gətirmək üçün lazımi ləvazimatları ala bilmirlər. Amma deyərdim ki, ən əsas problem yol hərəkətin təşkilində ki səhvlərdir. Arzu edərdim ki, dövlət nəzarəti maksimum dərəcədə gücləndirilsin. Səhiyyə nazirliyinin sağlamlıq haqqında arayışın verilməsindəki boşluqlar aradan qaldırılmalıdır. Çünki yoxladı-yoxlamadı hamıya "yararlıdır" yazıb yola salırlar".
Havar Şəfiyeva