Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Bəsti Musayevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Faktmedia.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayıb. Xəzər Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Bəsti Musayevanın Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif olunub və ona 6 ay müddətinə qazancından 15% dövlət nəfinə tutulmaqla islah işləri cəzası təyin edilib. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Xəzər Rayon Məhkəməsi Bəsti Musayevaya şərti cəza vermişdi. İttihama görə, hadisə 11 iyun 2022-ci il tarixdə, saat 23:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu yaşayış massivində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1979-cü il təvəllüdlü Bəsti Musayeva evindən şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər kişini yola salan zaman qonşusu, zərərçəkmiş Marietta Mehdiyevanın öz evinin pəncərəsindən yola baxdığını görüb. O, qonşusunun onları güddüyünü zənn edərək heç bir əsas və səbəb olmadan əsassız olaraq qalmaqal salmaq niyyəti ilə zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək söyüb. Bundan bir neçə dəqiqə sonra Bəsti həmin kişi ilə birlikdə Marietta Mehdiyevanın evinin həyət qapısını döyərək onu küçəyə çağırıb. Zərərçəkmiş şəxs qapını açdıqdan sonra təqsirləndirilən şəxs tanışı ilə birləşərək həyətə daxil olub, qadını yenidən söyüb. Təqsirləndirilən şəxs yaranmış münaqişə zamanı əvvəlcədən əlində olan bıçaqla qəsdən bir dəfə Mariettanın sağ qolundan vurub. Daha sonra isə o, təpiklə qəsdən bir neçə dəfə zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Marietta Mehdiyevanın şikayəti əsasında Bəsti Musayeva saxlanılıb və barəsində xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.