"Simsiz və ya WiFi şəbəkəsi kompüterlər, printerlər və smartfonlar kimi cihazlarınızı internetə və bir-birinə qoşmaq üçün naqillər əvəzinə radiotezlik siqnalından istifadə edir. WiFi siqnalı bütün istiqamətlərdə müəyyən məsafədə olan noutbuk və ya planşet kimi hər hansı simsiz cihaz tərəfindən götürülə bilər".
Bunu Faktmedia.az-a informasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis Asif Rzayev deyib. Ekspert əlavə edib ki, Wi-Fi texnologiyasından istifadə etməklə internetə uzaq məsafədən bağlanmaq daha asan və rahat olsa da, təhlükəsizlik ilə bağlı bir sıra problemlər yarada bilər:
"Bədniyyətli şəxslər kompüterimizə daxil olaraq məlumatlarımızı ələ keçirə bilər. Bədniyyətli şəxslər şəbəkəmizdən istifadə edərək kibercinayətkarlıq hadisəsi törədə bilər. Ümumiyyətlə vətəndaşlarımız kafe, restoran kimi ictimaiyyətə açıq məkanlarda wifi sisteminə qoşulduğunu çox müşahidə edirik. Tövsiyyə olunur ki, açıq məkanlarda wifi-ya qoşulmanı limitləsinlər. Pulsuz wifi-lardan istifadə etməsinlər. Yəni wifi sisteminə parol təyin olunmamışsa, onlara qoşulmağı tövsiyyə olunmur. Həmçinin çalışmaq lazımdır ki, sadə parol təyin olunmuş wifi sistemlərindən istifadə etməyək. Çünki bədniyyətli şəxslər parolu rahatlıqla qırıb sistemə daxil ola bilərlər. Biz də həmin wifi-ya qoşulmuşuqsa, istifadə etdiyimiz cihaza daxil olub məlumatlarımızı ələ keçirə bilərlər və ya müxtəlif məqsədlər üçün istifadə edə bilərlər".
Asif Rzayev əlavə edib ki, uşaqların wifi-dan ehtiyatla istifadə etməsi tövsiyyə olunur:
"Həmçinin qeyd etmək istərdim ki, wifi ətrafa radiasiya yaydığı üçün modem qurğumuzu uşaqlardan uzaq məsafədə yerləşdirək. Uşaqların internetdən istifadə etməsi ciddi məsələdir. Valideynlər bu məsələyə həssasla yanaşmalıdır və bununla bağlı limitlər tətbiq etməyi tövsiyyə olunur".
Havar Şəfiyeva