"Məlum olduğu kimi baş nazirin müavinləri səviyyəsində görüşlər, təmaslar baş verir və bu görüşlərdə də nəqliyyat- kommunikasiya xətlərinin blokadadan çıxarılması, Zəngəzur dəhlizi istiqamətində ilkin olaraq dəmiryol xəttinin bərpası və s. məsələlər üzrə müzakirə olunur və eyni şəkildə yaxın günlərdə delimitasiya komissiyasının iclas keçirəcəyi, müvafiq işləri həyata keçirəcəyi barədə də məlumatlar var. Bütün bunlarla yanaşı, gələn həftə ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü nəzərdə tutulubdur, yəni iki ölkə rəhbəri səviyyəsində danışıqlar getməsə də, danışıqlar aparılmır da demək düzgün olmaz".
Bunu Faktmedia.az-a politoloq Rəşad Bayramov deyib:
O əlavə edib:
"Çünki müxtəlif səviyyələrdə ayrı-ayrı konkret mövzularla bağlı danışıqlar aparılır. Liderlər səviyyəsində görûşlərin keçirilməməsi də təbiidir, çünki əslində liderlər görüşür, bu və ya digər məsələ ilə bağlı razılıq əldə olunur, sonra əldə olunan razılaşmanın icrası ilə bağlı nazirlər, müvafiq komissiyalar səviyyəsində görüşlər keçirilir və müvafiq sənədlər hazırlanır, yəni bu prosseslər belə davam edir. Bu gün də biz faktiki olaraq bu mərhələdəyik. Danışıqlar nəticəsində hər hansı bir mühüm nəticələrin əldə olunmaması birbaşa Ermənistanın apardığı siyasətlə bağlıdır. Ermənistan maksimum şəkildə məsələnin uzanmasına, sülh müqaviləsinin daha gec bağlanmasına çalışır. Ermənistan regionda marağı olan, demək olar ki bütün dövlətlərin, istər ABŞ, Rusiya, istərsə də Avropa İttifaqı, İranın oyuncağına çevrilib və faktiki olaraq Ermənistan maraqlarını deyil, həmin ölkələrin həmin regiondakı maraqlarının təminatçısı qismində çıxış edir. Əgər Rusiya sülh müqaviləsinin imzalanmasını özü üçün təhlükə kimi görürsə və bunu Cənubi Qafqazın sıxışdırılması kimi qiymətləndirərək, bu istiqamətdə Ermənistana təzyiqlər edirsə, eyni şəkildə ABŞ və Avropa da münasibətlərin kəskinləşməsinə Rusiyanın Ermənistanı qoruya bilməməsi fonunda regiondan çıxarılmasına bir fürsət kimi baxır. Yəni, ABŞ düşünür ki, bu gùn mùnasibətlərdə hanşısa bir gərginlik meydana çıxacaqsa, nəticə etibarilə Azərbaycan öz ərazilərində öz hüquqlarını bərpa edəcəksə, bu Ermənistanda belə bir fikir formalaşdıracaq ki, Rusiya artıq Ermənistanı qorumaq iqtidarında deyil, Ermənistan maraqlarını satır və bu da Ermənistanda anti Rusiya koalisiyasının ictimaiyyətdə genişlənməsinə səbəb olacaqdır, nəticə etibarilə Ermənistan ABŞ və Avropanın tərkibləri ilə regiondan sıxışdırılıb çıxarılacaq. Eyni şəkildə Avropa ittifaqı da düşünür ki, bu gün baş verən təxribatlar davam etdikcə, artıq Rusiya sülhməramlılarının da öz vəzifələrinin öhdəsindən gələ bilmədiyi fonu yaradılacaq, onların Avropa İttifaqı müşahidə missiyası ilə əvəzlənməsi ortaya çıxacaq".
Politoloq vurğulayıb:
"Həm Rusiyanın regionda marağının olması, həm Avropanın münaqişədən istifadə edib regiona yerləşmək istəməsi, həm ABŞ- ın münaqişədən istifadə edib Rusiyanı regiondan sıxışdırmaq istəməsi, həm İranın öz iqtisadi və siyasi maraqlarını təmin etməsi üçün Ermənistana təzyiq göstərməsi Ermənistanı çıxılmaz bir duruma salıb. Ermənistan bu sadaladığım ölkələrin fikirlərini əsas götürərək addım atır və belə şəraitdə də görüşlərin keçirilməsi sadəcə danışıqlar aparılması xatirinə keçirilən nəticəsiz görüşlər olacaq. Biz 30 il ərzində onsuz da səmərəsiz danışıqların nəticəsini görmüşük. Azərbaycan haqlı olaraq boş-boşuna bu cür danışıqlar aparılmasında maraqlı deyil. Biz sülhə aparan, nəticəli danışıqlar istəyirik. Biz üçtərəfli bəyanatda öhdəlik olaraq Ermənistanın üzərinə götürdüyü vəzifələri icra etməsi istiqamətində danışıqlar istəyirik. Nə qədər ki, sülh sazişi yoxdur, separatçı rejimin tör- töküntüləri ərazimizi tərk etməyiblər, nə qədər ki, orada yaşayan ermənilər Azərbaycan qanunları ilə yaşamağa razılaşmayıblar hərbi əməliyyatlar ehtimalı daim qalır və bunu həm Ermənistan, həm ABŞ, həm də Qərb dairələri yaxşı bilirlər ki, Azərbaycanın bundan sonra daha 30 il boş danışıqlar aparmaq fikri yoxdur. Odur ki, vasitəçilər real vəziyyətin nədən ibarət olduğunu, prosseslərin uzanmasının yeni hərbi əməliyyatlara gətirib çıxaracağını dərk etsinlər, öz maraqları ilə deyil, regionda sülhün və sabitliyin əldə olunması istiqamətində addımlar atsınlar".
Rəna Həsənova