"Mütləq mənada Azərbaycan silah arsenalını artırmalı, çeşidini genişləndirməlidir. Biz 44 günlük savaşda düşmən üzərində qələbə çaldıq, amma mübarizəmiz hələ də davam edir. Qarabağa nəzarəti gərək tamamilə ələ keçirək".
Bunu Faktmedia.az-a politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, orada hələ də separatçılar var:
"Ermənistanla münasibətlər nizamlanmayıb, sülh sazişi yoxdur. Həm Ermənistanla mübariza, həm ölkə daxilində Qarabağda qalan separatçılar, həm də İranla gərgin münasibətləri nəzərə alsaq, mütləq mənada Azərbaycanın güclü ordusu və yeni silahları olmalıdır. Hər il büdcədən orduya yeni texnikaların alınması üçün ayırmalar artır. Ermənistanla sülh sazişi imzalasaq, Qarabağ məsələsini öz xeyrimizə həll etsək belə, ordumuzu yenə də gücləndirməli, yeni hərbi texnika almalıyıq. Bütün hallarda Azərbaycan ordusunu inkişaf etdirməlidir. 2025- ci ilə qədər Azərbaycan ordusu türk ordusunun kiçik modeli halına çevriləcək. Bundan sonra da bütün təhlükələrdən sığortalanmaq üçün həm ordumuzu təkmilləşdirməli, həm də, yeni hərbi texnika, modern silahların alınması üçün ayrılan vəsaitləri artırmalıyıq".
Rəna Həsənova