"Kişinauda keçirilən Avropa siyasi birliyinin III zirvə toplantısı çox mühüm bir toplantı idi. Əslində keçirilmə formatının özü və yeri xüsusi olaraq seçilmişdi. Avropa siyasi birliyi bir daha dünyaya və xüsusilə də Rusiyaya münasibətdə mesaj vermiş oldu ki, Rusiya- Ukrayna müharibəsinin kontekstində Ukraynanın yanındadır və perspektivdə mümkün münaqişə coğrafiyası hesab edilə bilən, əslində isə, Dnestryanı "respublikanın mövcudluğu fonunda Moldovanın yanında olacaqdır".
Bunu Faktmedia.az-a millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, Kişinauda keçirilən bu görüşün yerinin Moldova ərazisi seçilməsinin əhəmiyyəti bundan ibarət idi ki, biz Moldovanın yanında olacağıq:
"Ona görə də burada hər hansı bir qarşıdurma çıxarsa, bizim mövqeyimiz bəri başdan bəllidir. Digər mühüm məsələ ondan ibarət idi ki, Azərbaycan prezidentinin iştirakı ilə 5 tərəfli görüş keçirildi. Burada Avropa İttifaqına üzv olan və Avropa İttifaqının lokomotivi olan 2 ölkənin prezidentləri iştirak edirdi. Görüş formatının özü vacib idi. Avropa İttifaqı Azərbaycanın əsas tərəfdaşlarından biridir və bundan sonra da uzun müddətli perspektivdə tərəfdaş olaraq qalacaqdır. Azərbaycanın həyata keçirdiyi Avrasiya logistika və kommunikasiya marşrutunun icra olunması üçün Asiyadan Avropaya gedən yeni bir kəmər, bir yol xəttinin orta dəhlizi üçün məsələlərin müzakirə olunması baxımından çox aktualdır. Amma, biz bilirik ki, burada Fransa və Ermənistanın məqsədləri başqa idi, lakin Azərbaycan Prezidenti masaya əyləşən kimi bir mesaj verdi ki, siz bu məqsədlərə nail ola bilməyəcəksiniz. Ona görə də, Ermənistanın baş naziri və Fransanın prezidentinin önündə, masanın üzərində formal olaraq xüsusi dəftərçələr var idi,guya ki, hansısa sənədi üzə çıxaracaqdılar. Amma, Azərbaycan prezidentinin önündə, masa üzərində heç bir sənəd yox idi. Bu bəri başdan verilən mesaj idi ki, belə formatda hər hansı bir müzakirə aparmaq və bu prossesdə irəliyə doğru addım atmaq bu günkü şərtlər daxilində mümkün görünmür. Hesab edirəm ki, görüşdə Ş. Mişelin bəyanatından aydın oldu ki, bu görüşdə növbəti görüş üçün razılıq əldə olundu. Azərbaycan prezidenti orada nümayiş etdirdi ki, Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh 2 ölkənin öz arasında əldə olunsa yaxşı olar. Azərbaycan prezidenti daha öncə də bunula bağlı bildirmişdi ki, Gürcüstanda vasitəçisiz görüşmə daha məqbul hesab oluna bilər. Cünki, tərəflərin sayı artdıqca yanaşma fərdləri də çoxalır, sülhün mahiyyətinin manipulyasiya edilməsi də asanlaşmır. Mən düşünürəm ki, Azərbaycan prezidentinin qətiyyətli mövqeyi və verdiyi mesaj bundan ibarət oldu və növbəti 3 tərəfli formatda Brüsseldə keçiriləcək görüş ilə bağlı əldə edilən razılıq da əslində bu versiyanın təsdiqi idi".
Qeyd edək ki, yaxın günlərdə Kişinauda Əliyev-Paşinyan danışıqları beştərəfli formatda baş tutdu.
Rəna Həsənova