Bir neçə ildir ki, Azərbaycanda alternativ enerjidən istifadə ilə bağlı konsepsiyalar hazırlanır. Tapşırıq və iş prosesləri müzakirə olunur. Artıq bu prosesin yekunlaşdığınıvə alternativ enerji mənbələrin icraatı üçün mexanizmlər işə salınıb. Ölkənin bir çox yerlərində günəş panelləri quraşdırılıb. Bu işin yalnız görünən tərəfidir. Amma görünməyən və məlum olmayan məsələlər çoxdur. Elə götürək belə bir sualla özümüzə sual verək? Azərbaycanda alternativ enerjidən nə qədər xeyir götürülüb? Azərbaycanda alternativ enerji ənənəvi enerjinin neçə faizini əvəzləyə bilib? Bəli, suallar çoxdur. Amma araşdırmalar zamanı məlum olur ki, günəş enerjisindən qazanc yox səviyyəsindədir. Hələ bir müddət əvvəl mətbuatda bildirilirdi ki, günəş panelləri yerdə, bina damlarında qurulsa da, onların cəryanla əlaqələri qoşulmayıb.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb.
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i formalaşır və bu da təxminən illik 2.56 milyard m3 təşkil edir. Xüsusən qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var. Belə ki, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisində müşahidə edilən günəş radiasiyası Naxçıvan MR-da müşahidə edilən günəş radiasiyasından sonra ölkə üzrə ən əlverişli ikinci regiondur. (mənbə)
Bəs, görəsən, niyə Azərbaycan alternativ enerji mənbələrindən düzgün istifadə edə bilmir?
Bu barədə Faktmedia.az ekspertlərin fikrini öyrənməyə çalışıb.
İqtisadçı Natiq Cəfərli deyib ki, texniki şərt almaq lazımdır, əlavə xərclər olur və bütün bu əngəllər alternativ enerji panellərindən istifadəni çətinləşdirən amillərdir:
"Azərbaycanda da bununla bağlı yeni qaydalar qəbul olunsa, əhaliyə, özü öz enerji ehtiyaclarını ödəmək üçün günəş panellərindən istifadə etmək və artıq qalan enerjini dövlətə satmaq kimi dünya praktikasında geniş yayılmış bir yanaşmaya imkan yaradılsa, mənə elə gəlir ki, bizdə də bu sahə ciddi inkişaf edər. Amma, burada bir önəmli məsələ var ki, bizim özümüzün istehsalla, texniki xidmətlə, proqram təminatı ilə bağlı mütəxəssislərə ehtiyacımız var. Biz bu sahədə gələcək üçün mütləq şəkildə mütəxəssis yetişdirməliyik. Biz mütəxəssislərdə, texnologiyalarda, istehsalda xaricdən asılı olmamalıyıq. Ona görə də.yerli istehsalın inkişafı, yerli mütəxəssislərin yaradılması və inkişaf etdirilməsi mütləq prioritet olmalıdır".
İqtisadçı Emin Qəribli isə hesab edir ki, alternativ enerji, günəş enerjisinin tətbiqi hələ yenidir, hələ bir o qədər də geniş vüsət almayıb:
"Yeni tətbiq olunduğuna görə ola bilsin ki, bəzi vaxtlarda, bəzi ərazilərdə avadanlıqlar uyğun olmadığına görə effekt verməyə bilər. Azərbaycanda bu sahə yenidir, müəyyən zaman keçdikdən sonra bu sahəyə yenidən baxılacaq, yeni avadanlıqlar tətbiq olunacaq və biz effektini görəcəyik. Bu enerjinin özünün əsas xüsusiyyəti də ondan ibarətdir ki, küləkli hava şəraiti olmalıdır. Havanı isə proqnozlaşdırmaq olmur, 30 gün külək olmaya bilər və yaxud da, əksinə 30 gün davamlı küləkli hava şəraiti də ola bilər. Mənə elə gəlir ki, gələcəkdə daha müasir, daha mütərəqqi texnologiyalar tətbiq olunmaqla bu sahə öz effektini verəcək. Hesab edirəm ki, hələ qısa zaman ərzində bu sahədə problemlər ola bilər. Amma, ümumiyyətlə Azərbaycanın bu sahədə gələcəyi, perspektivləri var və mən hesab edirəm ki, Azərbaycan bu sahədə ixtisaslaşacaq".
İqtisadçı Xalid Kərimli isə belə düşünür:
"Alternativ mənbələrdən enerji istehsalının texnologiyası yenidir. Alternativ enerjilər ənənəvi enerjilərlə yeni rəqabətə başlayıb. Əvvəllər bizim üçün bir o qədər də maraqlı deyildi, əgər günəş panelləri çox bahadırsa, günəş enerjisini 2 manata, ənənəvi enerjini isə 1 manata alırıqsa və resursumuz da varsa, niyə 2 manata əldə edək?. "Alternativ enerji sahəsində texnologiyalar yenidir və bu prosses, texnoloji yeniliklər, səmərəliliyin artırılması məsələsi davam edir.2020- ci illərdən sonra külək və günəş enerjisi istehsalını təşkil etmək planlaşdırılıb və 2022- ci ildə bu istiqamətdə ciddi işlər görülüb. Səudiyyə Ərəbistanı "ACWA POWER", BƏƏ- nin "MASDAR", və B. Britaniyanın "BP" şirkətləri ilə müqavilələr imzalanıb və müqaviləyə əsasən ümumilikdə 700 MVt həm külək, həm günəş enerjisi istehsalı nəzərdə tutulur. Azərbaycan artıq bu istiqamətdə işlərə başlayıb. Ölkəmiz Gürcüstandan keçərək Qara dəniz vasitəsilə Avropaya - Macarıstan və Rumıniyaya 4 GVT həcmində elektrik enerjisi ixracatını həyata keçirmək üçün də memorondum imzalayıb. Eyni zamanda, istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də digər ərazilərimizdə bu cür stansiyaların sayının artırılması planlaşdırılır. Azərbaycanda hal- hazırda bərpa olunan " yaşıl" mənbələr əsasında elektrik enerjisi ümumi enerji istehsalının 5-6 faizini tutur, 2030- cu ilədək bu rəqəmi 30 faizə qədər qaldırmaq və istehsal edilən enerjinin əhəmiyyətli hissəsini ixrac etmək planlaşdırılır".
Qeyd edək ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27 000 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub.
Bəsti MƏMMƏD