"Məhkəmədə hansısa şəxsin dindirilməsi onun təqsirkar şəxs olması mənasına gəlmir. Buna məhkəmə qərar verməlidir. Hesab edirəm ki, vaxtilə Müdafiə Nazirliyində rəhbər vəzifə tutmuş bir şəxs kimi Nəcməddin Sadıqov böyük məsuliyyət daşıyır".
Bu sözləri Faktmdeia.az-a açıqlamasında Millət Vəkili Fazil Mustafa deyib.
O, bildirib ki, əgər şahidləri varsa ki, onun tapşırığı ilə bu hadisələr törədilib, o zaman buna prinsipial qiymət mütləq verilməlidir:
"Onu da qeyd edim ki, Tərtər hadisələrində Nəcməddin Sadıqovun adının çəkilməsi heç də təəcüblü deyil. Bütün hallarda məhkəmə prosedurası obyektiv, ədaləti və güvənli şəkildə olmalıdır".
Onun sözlərinə görə bu məsələ birbaşa ölkə prezidentinin nəzarətindədir:
"Tərtər hadisələrinə görə hər hansı bir cinayətin ortaya çıxarılması ölkənin imici baxımından da vacibdir. Bu istiqamətdə baş prokurorluğun cəsarətli addımları onu göstərdi ki, məhkəmə hakimiyyəti də obyektiv şəkildə araşdırıb cinayətkarları aşkara çıxaracaq".
Qeyd edək ki, “Tərtər işi” üzrə ittiham olunan daha 4 nəfər - Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu və Əliyev Elçin Kalam oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib. Vəkillərin işin istintaqa qaytarılması ilə bağlı vəsatətləri də təmin edilməyib. Zərərçəkmiş şəxslər həmin vaxt Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkov və daha bir neçə yüksək rütbəli şəxsin məhkəmədə şahid qismində dindirilməsi ilə bağlı da vəsatət qaldırıb.
Havar Şəfiyeva