Xəbər verdiyimiz kimi, 11 may 2023-cü ildə Erməni silahlı dəstələri sərhəddə gərginlik yaradıb. Separatçı qüvvələrin atəşkəsi pozması nəticəsində bir hərbçimiz yaralanıb, daha bir hərbçimiz şəhid olub. Azərbaycan mövqeləri müxtəlif saatlarda ağır artilleriya ilə atəşə tutulub. Xatırlatma üçün bildirək ki, Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında mayın 14-də Brüsseldə görüşün planlaşdırıldığı bir vaxtda Ermənistanın təxribat törətməsi sülh müqaviləsinin uzadılmasının anonsunu vermiş olur.
Məsələ ilə bağlı Faktmedia.az bir sıra millət vəkilləri və politoloqların rəyini alıb. Millət vəkili Aydın Mirzəzadə deyib ki,
Azərbaycan Ermənistan nümayəndələrinin görüşü ərəfəsində Ermənistan tərəfindən təxribat törədilməsi artıq bir ənənə halını alıb. Mayın 29 da Moskva şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşündə sülh müqaviləsinin müddəaları dəqiqləşdirilməli idi:
"Ancaq bununla belə Ermənistanın Basarkeçər rayonunun Zod kəndindən Azərbaycan ərazisi atəşə tutulub, 1 nəfər yaralanıb və verilən məlumata görə sərhəd xəttində lokal xarakterli döyüşlər gedir. Ermənistanın hələ də Azərbaycana qarşı iddialarından əl çəkməməsi,sülh müqaviləsini imzalamağı uzatması, gərginlik yaratması özünün hakimiyyət müddətini uzatmağa çalışmaq istəyi ilə bağlıdır. Bu yolverilməzdir. Azərbaycan Ermənistana dostluq, normal qonşuluq münasibətləri təklif edir. Ermənistan tərəfdən isə, siyasi, hərbi təxribatlar dayanmır. Əgər Ermənistan hesab edirsə ki, bununla Azərbaycana təzyiq göstərəcək, Azərbaycanı öz suveren hüquqlarını müdafiə etməsindən imtina etməyə məcbur edəcək, yanılır. Azərbaycan özünün milli maraqlarını, ərazi bütövlüyünü, suveren hüquqlarını qorumaq gücündədir və Ermənistan Azərbaycan tərəfindən bunu həmişə hiss edəcək".
Millət vəkili Musa Qasımlı hesab edir ki, Ermənistanın sərhəddə təxribat törətməsinin məqsədləri var. Ermənistan bununla sərhədlərin delimitasiyası, demarkasiyası prossesində və sülh müqaviləsini imzalamaqda maraqlı olmadığını göstərir:
"Ermənistan silahlı terror dəstələrini Azərbaycan ərazisindən çıxarmağı yubadacaq, hansısa əlverişli şəraitin yaranmasını gözləyəcək. Təbii ki, Ermənistan özbaşına, təkbaşına bu hərəkətləri edə bilməz. Azərbaycanla Ermənistan arasında sülhün qurulmasına mane olan ölkələr və dairələr Ermənistanı buna təşviq edirlər. Həmin dövlətlər və dairələr özlərinin maraqları naminə regionu yenidən qarışdırmağa çalışırlar. Amma ermənilər başa düşməlidirlər ki, onların gələcəyi regionu qarışdırmağa çalışan dövlətlərin hökmü ilə oturub - durmaqları ilə bağlı deyil. Ermənistanın gələcəyi sonradan gəldikləri bu regionda yaşayan aborigen əhali ilə, xalqlarla dil tapıb normal mehriban qonşular kimi yaşamaqdan keçir".
Politoloq Fikrət Sadıqova görə isə, Ermənistan tərəfi həmişə danışıqlar ərəfəsində sərhəd zonasında təxribatlar törədib. Bu artıq Ermənistan siyasətinin bir ənənəsinə çevrilib. Bu dəfə də danışıqlar ərəfəsində təxribat törətməklə Azərbaycanı günahlandırmaq, təcavüzkar bir tərəf kimi qələmə vermək istəyirlər:
"Maraqlıdır ki, danışıqlarda bizə qarşı hansı ittihamları irəli sürəcəklər.Sözsüz ki, Azərbaycan tərəf ermənilərə adekvat cavab verir, amma bu təxribatların törədilməsinə baxmayaraq biz sülhün bərqərar olunmasına nail olmaq istəyirik. Bizim mövqeyimiz ədalət, beynəlxalq hüquq prinsipləri və regionda stabilliyin yaranmasıdır. Bu istiqamətdə bundan sonra da bizim hücumedici addımlarımız bütün sahədə öz əksini tapacaq".
Hərbi ekspert Elxan Şıxəliyev isə məsələyə belə yanaşıb:
"Çox təəssüf ki yenə də Ermənistan öz xislətinə sadiq qalaraq şərti sərhəddə, xüsusən də Zod istiqamətində atəşkəsi pozmuş oldu və nəticəsi etibarilə bir müddətdən artıq xidmət etmiş hərbçimiz yaralanıb. Bu lokal taktiki səviyyədən atəşkəsin pozulması hər zaman böyük çaplı konfliktə çevrilmə ehtimalı yaradır. Xüsusən də artıq Müdafiə Nazirliyi də öz açıqlamasında Ermənistan tərəfindən minaatan bölmələrinin istifadə edilməsinə dair məlumatlar yayımladı. Bu o deməkdir ki, tabor taktiki səviyyəsində artıq cəbhədə konflikt davam edir. Çünki minaatan batareyalar tabor komandirinin tabeçiliyində olan bir bölmədir. Mövqelərdə minaatanlar olmaz. Ona görə də Ermənistanın indiki mərhələdə atəşkəsi pozmasının arxasında bir niyyəti var. Ayın 14 də Brüsseldə Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin birgə görüşü gözlənilir. Yüksək səviyyəli görüşlər öncəsi təmas vəziyyətində belə təxribatlar yaratmaq ermənilərin praktikasında var. Xüsusən də sülh sazişinin üzərinə mesajların zamanının yetişməməsini cəbhədə vəziyyətin gərginləşməsinə bağlayırlar, yəni "cəbhədə atəşkəs pozulur, hələ sülh sazişi üçün münbit şərait yaranmır" deyə, bunu özləri bir az da ssenariləşdirirlər, modelləşdirirlər, həyata keçirirlər.Siyasi olaraq Avropadakı görüşləri, Brüsseldəki görüşün istənilən nəticəni verməməsini bu məsələlərə bağlamaqda maraqlı görünürlər. Bütün dövrlərdə yüksək səviyyəli siyasi görüşlərin gözləntiləri zamanı Ermənistan həmişə bu praktikadan istifadə edib. Təbii ki, cəmiyyətimiz də, erməni tərəfi də bunu bilməlidir ki, sülh sazişi yoxdursa, şərti sərhəddə istənilən lokal atəşkəsin pozulması böyük çaplı əməliyyata çevrilə bilər. Ermənilər bunun fərqində olmalıdırlar. Azərbaycan silahlı qüvvələrinin nümunələri də var. "Fərrux əməliyyatında", Sarıbaba, Qırxqızda, sərhəd əməliyyatlarında Azərbaycan necə cavab verir bu kimi atəşkəsin pozulmasına. Ermənilər öz havadarlarına, xüsusən də Avropa İttifaqının oradakı mülki missiyasına, müşahidəçilərə arxayın olub əsgərlərimizi atəş altına alıb yaralamamalıdırlar, şəhid etməməlidirlər. Azərbaycan tərəfindən bu qəbuledilməzdir. Azərbaycan tərəfinin misli ilə atacağı adekvat addımlara Ermənistan tərəfi hazır olmalıdır".
Rəna Həsənova